Modern.az

Əli Kərimli Polis İdarəsindən buraxılıb - FOTOLAR

Əli Kərimli Polis İdarəsindən buraxılıb - FOTOLAR

26 May 2012, 15:28


AXCP sədri Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.
Modern.
az xəbər verir verir ki, bu gün səhər saat 11-00-də Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılan AXCP sədri Əli Kərimli saat 15-00-dək orada saxlanılıb. İfadəsi alınan AXCP sədri saat 15.00-dan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ə.Kərimli İctimai palatanın dünən şəhərin mərkəzində, Milli Parka yaxın ərazidə keçirdiyi aksiyaya görə polisə çağırılmışdı. Daxili İşlər Nazirliyi bildirib ki, dünən şəhərin mərkəzində ictimai qaydanı və asayişi pozmağa cəhd edən və polis tərəfindən saxlanılan şəxslərdən bir neçəsi öz izahatlarında onları bu işə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin təhrik etdiyini bildirib: “Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb".

AXCP sədrinin Bakı şəhər Baş Polis İdarəsində verdiyi ifadəyə dair mətbuata açıqlaması olacaq.

****

AXCP sədri Əli Kərimli "Amerikanın Səsi" radiosuna müsahibəsində Bakı şəhər Baş Polis İdarəsində ona xəbərdarlıq edildiyini bildirib.

“Məni dindirib, izahat aldılar və xəbərdarlıq etdilər. Onlar hesab edir ki, İctimai Palatanın (İP) son günlər keçirdiyi aksiyalar qanunsuzdur. Mən bir daha İP-in mövqeyini onlara izah etdim və bildirdim ki, Azərbaycan konstitusiyasına və “Sərbəst toplaşmaq haqqında” qanuna istinadən bu aksiyaları keçirmişik. Aksiyada iştirak edən insanlar İP-nin qərarını yerinə yetirib və aksiyalarla bağlı qərar da orada qəbul olunub. Onu da vurğuladım ki, mübarizəmiz dinc yolla aparılır və dinc mübarizə yolu ilə Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəmizi davam etdirəcəyik”.

O cinayət işinin açılıb-açılmaması  barədə məlumatlandırılmayıb.
“Əvvəlcə BBPİ-nin rəisi və Bakı şəhər prokuroru mənimlə söhbət etdi, sonra isə İstintaq İdarəsinin rəisinin iştirakı ilə müstəntiq izahat aldı”.

AXCP sədri polis idarəsinə çağırılmasını qanunsuzluq kimi qiymətləndirib. “Üstəlik də bu qanunsuzluq çox uyğun olmayan vaxtda baş verdi. Onlar mənə iradlarını bildirəndə xüsusi vurğulayırdılar ki, ölkəmizdə böyük tədbir keçirilir, "Eurovision" günlərində bu aksiyalar keçirilir. Mən isə vurğuladım ki, belə tədbir keçirilən ölkədə sadəcə flaşmoba görə müxalifət liderinin izahat üçün dəvət edilməsi dövlətin imicinə vurulan bir zərbədir. Dünyanın hansı ölkəsində flaşmoba görə müxalifət lideri istintaqa çağırılıb. Bu ancaq Azərbaycan və Azərbaycan kimi qeyri-demokratik ölkədə ola bilər".

O həmçinin dünənki flaşmob zamanı 60-dək insanın saxlandığını deyib. “Bu gün onların bir çoxu cərimə edilərək buraxılıb, bir neçə nəfər barəsində isə inzibati qaydada həbs seçilib. Flaşmoba görə bu qədər adamın saxlanması biabırçılıqdır”.

Əli Kərimli İP-in aksiyaları davam etdirəcəyini bildirib. “Əlbəttə, İP uyğun bildiyi vaxtda, uyğun bildiyi yerdə etiraz aksiyaları keçirəcək . Etiraz aksiyaları bir məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir”, - deyə o qeyd edib.




Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir