Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva Avropa Parlamentinin Azərbaycanla bağlı qərarını pisləyərək, ona öz etirazını bildirib. Deputat bildirib ki, Azərbaycan çox sürətlə inkişaf edir və təbii ki, bəzi qüvvələr, o cümlədən erməni lobbisi bundan narahatdır.
Millət vəkilinin qeyd etdiyinə görə, Avropa Parlamentin belə bir qətnamə qəbul etməsinin arxasında Azərbaycanın güclənməsini, inkişafını, onun Avropaya inteqrasiyasını istəməyən güclər dayanır:
“O güclər istəmirlər ki, Azərbaycan bütün parametrlər üzrə Avropanın, Avropa ailəsinin, məkanının bərabərhüquqlu üzvünə çevrilsin. Onlar güclü, inkişaf etmiş, insan hüquqları və dəyərlərinə qiymət verən bir Azərbaycanın olmasında maraqlı deyillər. Qeyd edim ki, bu qətnamə qərəzli olduğu qədər də, qeyri-səmimidir”.
O vurğulayıb ki, Avropa Parlamentinin qətnaməsinə səs verənlər o şəxslərdir ki, onlar hər zaman Azərbaycanın ərazi bütövlüyünün əleyhinə mövqeləri ilə tanınıblar.
“Bir dəfə olsun belə, Azərbaycanın torpaqlarının işğalı Ermənistan tərəfindən zəbt olunması məsələsini dilə gətirməyiblər, işğal nəticəsində qaçqın, didərgin düşmüş insanların taleyindən bircə dəfə də olsun danışmayıblar.
Əgər doğurdanda onları insan haqları bu qədər düşündürür, maraqlandırırsa, niyə bir dəfə də olsun belə qaçqınların, köçkünlərin vəziyyətindən, pozulmuş insan hüquqlarından danışmırlar. İşğalçı Ermənistana öz təzyiqlərini göstərmirlər”.
Deputatın sözlərinə görə, bütün bunlar bir daha onu göstərir və sübut edir ki, həmin antiazərbaycan dairələrini nə demokratiya məsələləri, nə də insan hüquqları maraqlandırır.
“Bu məsələlər onları qətiyyən düşündürmür. Onlar sadəcə çalışırlar ki, hər nə vəchlə olursa-olsun, Azərbaycanın dünyada artan nüfuzunu, onun beynəlxalq imicini zədələsinlər, xələl yetirsinlər. Təklif edirəm ki, Avroparlamentin bu son dərəcədə ədalətsiz qərarı ilə bağlı MM-in adından sözügedən quruma ünvanlanan kəskin etiraz məktubu göndərilsin”.
Modern.az