Modern.az

Eldar İbrahimov: “Qazandığımız uğurlar bir çoxlarını vahiməyə salır”

Eldar İbrahimov: “Qazandığımız uğurlar bir çoxlarını vahiməyə salır”

30 May 2012, 11:49

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Azərbaycanın deyil, özünün imicinə ziyan vuracaq”

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib. Deputat qətnaməni qəti şəkildə pisləyərək sənədin qərəzli şəkildə hazırlandırğını bildirib:

“Qətnamənin mətnindən görünür ki, sənədi hazırlayanlar ölkəmizdə son vaxtlar gedən proseslərdən bixəbərdirlər və Azərbaycana düşmən kəsilən ünsürlərin qərəzli yazılarına, yalan məlumatlarına əsaslanmışlar. Məlumdur ki, respublikamızda mitinq, piket və digər formada dinc aksiyalar keçirənlərə qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmişə şərait yaradılıb».

Ölkəmizdə aksiya keçirmək üçün heç bir problemin olmadığını deyən  E.İbrahimov qeyd edib ki, cəmiyyətdə gərginlik yaratmaq istəyən bəzi qüvvələr öz iyrənc niyyətlərini həyata keçirmək üçün belə addımlar atırlar.

«Biz telekanallarda bir çox ölkələrdə aksiyaçılara qarşı polisin dəyənəkdən, rezin güllələrdən, gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə etməklə aksiyaları dağıtmalarını hər gün görürük. Həmin ölkələr azad toplaşmaq hüququnun pozulduğu ölkələr kimi göstərilmir, lakin Azərbaycanda isə bu vasitələrin heç birindən istifadə olunmadığı halda o, qınaq obyektinə çevrilir. Ona görə də qətnamədə “ifadə və toplaşmaq azadlığının sıxışdırılması”nın göstərilməsi reallıqdan çox uzaqdır.

Görünür, bugünkü Azərbaycanın heç bir təzyiqlərə məhəl qoymadan müstəqil siyasət yeritməsi və bu məsələdə ölkə başçısının prinsipiallığı bəzi qüvvələri narahat edir. Necə ola bilər ki, Avropa Parlamenti kimi nüfuzlu bir qurumda Milli Məclis deputatlarının, o cümlədən AŞ PA-dakı, Avronest-dəki nümayəndə heyəti üzvlərinin və bu qurumla sıx əlaqədə olan Azərbaycan-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin üzvlərinin fikri öyrənilmədən belə bir qərar qəbul olunsun»- deyə E.İbrahimov vurğulayıb.

Komitə sədri bildirib ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal terrorizmə qarşı mübarizədə bütün aparıcı dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

“Müstəqillik illərində Azərbaycan yardımlar alan ölkədən xarici dövlətlərə sərmayələr yatıran dövlətə çevrilib. Bütün bunlar onu göstərir ki, məsələ heç də qətnamədə göstərilən kimi deyil. Sadəcə olaraq, Azərbaycanın qlobal iqtisadi və siyasi səhnədə qazandığı heyrətamiz uğurlar bəzi daxili və xarici qüvvələri narahat edir. Onlar ölkəmizin bu uğurlarını qəbul edə bilmir, bəzi təşkilatlarda bir neçə öz mənafeyini güdən insanları ələ alaraq qarayaxma kompaniyası aparmaqla məşğuldurlar. Bəzən belə təsəvvür yaranır ki, Avropaya inteqrasiya yolunda qazandığımız nailiyyətlər bir sıra siyasətbazları vahiməyə salır. Onlar bizi başqa istiqamətə yönəltmək istəyirlər. Ancaq qətiyyətlə bildiririk ki, müstəqil Azərbaycan Avropa dəyərlərini yüksək qiymətləndirir, onlara sadiqdir və bu istiqamətdə öz siyasətini bundan sonra da məqsədyönlü şəkildə uğurla davam etdirəcəkdir!»- deyə deputat qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir