Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun jurnalist təşkilatları üçün elan etdiyi müsabiqənin nəticələri gələn həftə açıqlanacaq. Bunu Modern.az saytına açıqlamasında KİV DF-nin aparıcı mütəxəssisi Rəşad Rəhimov deyib. O, 25 may tarixində bitən müsabiqənin nəticələrinin gecikməsinin səbəbini belə izah edib: “Vüqar müəllim ezamiyyətdə olduğu üçün qaliblər hələ müəyyənləşdirilməyib. O gələndən sonra hər şey bəlli olacaq”.
R.Rəhimov nəticələrin gələn həftə müəyyənləşəcəyini vurğulayıb.
“Birinci gündən Vüqar müəllim işə çıxacaq, ondan sonra həmin müsabiqədə hansı jurnalist təşkilatlarının qalib olduğu bəlli olacaq”.
Rəşad Rəhimov yaxın zamanlarda KİV DF tərəfindən mətbuat günü ilə əlaqədar fərdi jurnalist yazı müsabiqəsinin də olacağını vurğulayıb. “Hər il mətbuat günü ilə əlaqədar belə müsabiqə elan edilir. Böyük ehtimalla iyun ayında onunla bağlı saytımızda elan veriləcək”.
Qeyd edək ki, KİV DF "Azərbaycan media məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması”mövzusunda jurnalist təşkilatları üçün müsbaiqə elan etmişdi.
Aytən ƏLİYEVA