Modern.az

Bu qatarın dalınca baxma...

Bu qatarın dalınca baxma...

Təhsil

30 May 2012, 16:20

Bir neçə gün əvvəl qatarla Bakıdan Tovuza və geri səfər etdim. Bu səfərdə maraqlı təəssüratlarımız oldu. Yüksək müsaidənizlə onları sizinlə bölüşmək istəyirəm.

Əhvalat vaqe olur Bakı dəmiryol vağzalında. Vağzala çatanda yadıma düşdü ki, su almamışam. Yaxınlaşdım, perron ərazisindəki səyyar məntəqəyə, “qardaş ordan bir yarımlitrlik qazsız su ver” deyib 1 manat uzatdım satıcıya.

Qulağında “nauşnik”, ağzında saqqız olan satıcı mənə 50 qəpik qaytardı. Dedim, cavan oğlan səhv qaytarmısan ee, suyun qiyməti 20 qəpikdir, üstündə də yazılıb. Dedi ki, qardaş bizdə su 50 qəpikdir. Mübahisənin davamını niyə yazıb başınızı ağrıdım ki, belə mənzərələri hər biriniz görmüsünüz.

Nə isə, ordan aralanıb, platformaya keçəndə məlum oldu ki, mobil telefonuma kontur almalıyam. Tez 2 manat uzatdım ki, “qardaş ordan mənə 2 manatlıq kontur ver”. Satıcı pulu qaytarıb mənə nə desə yaxşıdır? “Kontur 2 manat 20 qəpikdir!”.

Dedim ki, necə yəni 2 manat 20 qəpik? Əvvəla ağzında “2 manatlıq kontur” deyirsən, üstündə də 2 manat yazılıb, sənin nə ixtiyarın var firmanın kartını baha satırsan, axı 2 manata satdığına görə sənə faiz ödəyirlər...

Cavan oğlan mənə tərs bir baxışla aldı görək nə dedi. “Müəllim, avadanlıqdan danışırsan ee imamzada haqqı. Elə bil Azərbaycanda yaşamırsan. Gəl sən burda bircə gün işlə görüm neçəyə satırsan. Bilirsən nə qədər yerpulu, polis pulu, təmizlikçi pulu, nə bilim nə pulu veririk?”.

Müxtəsəri mindik Bakı-Qazax qatarına. Qatar əyilib-büzülərək yola düşdü. Atlanıb düşən vaqonların iyi-qoxu o yandan, cırıldayan relslərin, çırpılan qapıların səsi bu yandan, sərnişinlərin bağırtısı bu biri yandan, telefonda bərkdən oxudulan küçə meyxanaları o biri yandan... vaqon lap dəlixanaya döndü. Hələ söhbət SV vaqondan gedir haa, guya ən mədənisi budu.

Biləcərini keçəndən sonra məclislər qızışdı. Pah atonnan, vaqonda bir konsert başladı gəl görəsən. Pendir, bozartma, soğan iyi, meyvə arağının ürəkbulandıran ətri, sağlıq səsləri, bələdçi ilə mübahisələr... Hətta, yalan olmasın kupelərin birində toy mahnıları oxudub elə qol-qanad açıb oynayırdılar ki... sankı Qarabağı azad etmişdik...

Bir azdan bələdçi gəldi ki, yaxşı çayımız var, dedik dayıcan bizə 2 fincan gətir gəlsin. Tanrı heç kimə belə çay göstərməsin... yaxşısı budur, burasını danışmayım, çayı içmədən qaytarıb pulunu ödədik, hər stakan üçün 1 manat! Qəndqabının üstündə vaxtı keçmiş daş kimi konfet də vardı axı...

HAŞİYƏ: Qazaxlılar demiş, incəfara bələdçiyə çayın pulunu uzadanda dedi ki, son aylarda ilk dəfədir ki, qatarda kitab oxuyan adam götürür, özü də 1 kupedə 2 nəfər birdən! O qədər təsirlənmişdi ki çayın pulunu almaq istəmırdi...

Qayıdanda yenə Bakı-Qazax qatarına, SV vaqona bilet almışdıq. Qatarların vaqonları həmişə qarmaqarışıq gəldiyindən hansı nömrəli vaqon harda dayanır bilmək olmur. Tovuz stansiyasının perronu boyu sərnişinlər əllərində ağır yük o yana qaçır, bu yana qaçır. “Ay provadnik, filan vaqon harda dayanır” səsindən qulaq tutulur...

Nə isə, qatar yola düşdü. Həə, bax burda Kərəmi ağlamaq tutur. Gəliş səfərimiz bunun yanında yalan oldu. Danışıb niyə qızıl kimi vaxtınızı niyə alım ki, elə bayaq təsvir etdiyim mənzərələrin 2 qatını təsəvvür edin, vəziyyət aydın olsun. Sadəcə, bir hadisəni danışım.

Deməli, qatar stansiyadan tərpənən kimi qonşu kupedə bizimlə bərabər minmiş sərnişinlərin möhtəşəm yeyib-içmək məclisi başladı. 4 göz lazım idi bu əsrarəngiz məclisi görməyə.

1 saatdan sonra vaqonda söyüşün biri 1 qəpik, süpürləşmə və sair tərbiyəsizlik halları baş alıb getdi. Başımı kupedən bayıra çıxaranda gördüm ki, qaydasız döyüş (və söyüş) üzrə “dünya çempionatı” gedir. Qanlı döyüş bələdçinin qatar polislərini çağırmasından sonra güc-bəla ilə başa çatdırıldı.

Məlum  oldu ki, sərxoş gənclərdən biri qonşu kupedəki qızın tək getdiyini güman edib, ona “padxod” edib, “akazivaeçka” qızın qardaşı qonşu vaqonda tanışına baş çəkməyə gedibmiş...

...Çox uzunçuluq etməmək üçün qalan məcaraları yaza bilməyəcəm, lütfən üzrlü hesab edin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir