Modern.az

“Azərsu” Saatlıda təməlqoyma mərasimi keçirib

 “Azərsu” Saatlıda təməlqoyma mərasimi keçirib

Təhsil

30 May 2012, 18:07

Modern.az-ın məlumatına görə, “Azərsu” ASC mayın 30-da  Saatlı şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı təməlqoyma mərasimi keçirib.
Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Təməlqoyma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağını söyləyib.

 “Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Saatlı şəhərində 21312, Bəylik, Qıraqlı, Mustafabəyli kəndlərində isə 17219 nəfər olmaqla, ümumilikdə 38531 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.   Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksəksıxlıqlı polietilen borulardan 120,5 km uzunluğunda içməli su və 139,7 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 3170 ünvanda qoşulma işləri aparılacaq, 395 yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 3100 kubmetr olan su anbarı inşa ediləcək, yaranacaq çirkab sular kənarlaşdırılarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotuneldən istifadə olunacaq. Çirkab suları emal edib zərəsizləşdirmək üçün Saatlıda məhsuldarlığı sutkada 6500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq.
Layihə çərçivəsində gələcəkdə Əlisoltanlı, Mollavəzli, Bəylər və Potubəyli kəndlərinin də içməli su ilə təmin edilməsi imkanları nəzərdən keçirilir. Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin 2014-cü ilin ikinci rübünə qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan  Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” 4 rayonda (Şamaxı, Qəbələ, Sabirabad və Saatlı) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.   

 

 

 

  Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir