Modern.az

Azərbaycan-Gürcüstan arasında hansı narazılıq var? - deputatın qənaəti

Azərbaycan-Gürcüstan arasında hansı narazılıq var? - deputatın qənaəti

31 May 2012, 10:58

Milli Məclisin fəaliyyət istiqamətində böyük önəm verilən məsələlərdən biri də beynəlxalq əməkdaşlıqdır. Bunun üçün ali qanunverici orqanın dünyanın 76 ölkəsinin parlamentlərarası əlaqələrlə bağlı işçi qrupları var ki, bu qruplara dostluq qrupları da deyilir.

Bəs, deputatlar təmsil olunduqları işçi qruplarının təyinatına uyğun olaraq qarşı ölkə ilə Azərbaycan arasında münasibətləri necə dəyərləndirirlər?

Bu dəfə  Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Zahid Orucun fikirlərinə diqqət edək. Deputat Modern.az-a açıqlamasında bildirib ki, gürcüstanlı həmkarları tez-tez Azərbaycanda səfərdə olurlar. Onlarla çox geniş sahədə görüşlər keçirilib və gələcək əməkdaşlıq üçün bir sıra faydalı razılaşmalar əldə olunub:

“Yəqin ki, bundan sonrakı dönəmdə də Azərbaycan parlamentariləri Gürcüstanda olacaq. İki ölkə arasında təmaslar çoxdan qurulub və bu elə bir platformadır ki, hər iki ölkənin maraqlarına cavab verir. Parlament sadəcə onun bir xətti olaraq qanunvericilik, hüquqi sənədləşmə və daha yaxından siyasi təmasların qurulmasında yardımçı olur. İqtisadi münasibətlər isə geniş bir səviyyədə davam edir. Azərbaycan Gürcüstanın iqtisadi müstəqilliyinin qarant dövlətlərdən biridir və başlıcasıdır. Nəzərə alsaq ki, Gürcüstan ənənəvi  əlaqələrindən imtina edib, bu sırada onu belə bir müstəqil durumda saxlanmasının ən başlıca mədəni səbəbi Azərbaycanla birbaşa bağlı olmasıdır. Gürcüstanda yaşayan soydaşlarımızın bu və ya digər dövrdə problemləri qabarır və onun Azərbaycan dövləti tərəfindən qarşılandığını biz hər zaman görməkdəyik. Lakin nəzərə almalıyıq ki, onlar oranın köklü sakinləridilər və bu Gürcüstan dövlətinin onların qarşısındakı öhdəliyidir. Bu baxımdan Gürcüstan-Azərbaycan və parlament əlaqələrinin görüşlər zamanı olan söhbətlərdə, oradakı soydaşlarımızın hüquqları, təşkilatlanması, təhsili, gələcək idarəçilikdə təmsilçiliyi yer almalıdır”.

Milli Məclisin üzvü son vaxtlar İran tərəfindən Gürcüstan azərbaycanlıları içərisində dini təşviqat törətmək, onlardan Azərbaycana qarşı istifadə etmək yönündə çox böyük fəaliyyət aparıldığını deyib:

“Çox arzulayıram ki, bu məsələ də bizim parlamentlərin diqqətində olsun. Çünki bu cür təbliğatın ayrı məqsədləri olur və hamımıza ziyan vura bilər. Gürcüstan-Azərbaycan beynəlxalq əlaqələri, əməkdaşlığı daha yeni səviyyəyə qalxmalıdır. Çox təəssüf edirəm ki, biz fəal şəkildə Gürcüstanın maraqlarını, təhlükəsizliyini qoruduğumuz halda, eyni adekvat reaksiyanı onlardan görmürük. Lakin hər halda bizim bu məsələdə əməkdaşlığımızın yeni formatına ehtiyac var”.

Son vaxtlar "David Qareci" və ya "Keşikçidağ" məbədi ilə bağlı iki ölkə arasında narazılıq yaşandı. Ona görə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası məsələsinə toxunan Z.Oruc bu problemin hər iki dövlətin münasibətlərinə təsir etdiyini bildirib:

“Xüsusilə vurğulamaq istəyirəm ki, sərhəd məsələlərində razılaşma yeganə olaraq Gürcüstanla qalıbdır. Bu çox təəssüf doğuran haldır. Parlament çox yaxın bir müddətdə bunun ətrafında anlaşma tapılmasına kömək edə bilər. Bildiyim qədər bu məsələdə dövlət rəhbərləri arasında razılaşma tapılıb. Bu konsensus qərarlar yəqin ki, elan olunacaq və sonra parlamentlər də onu təsdiq edəcək. Əminəm ki, bu məsələnin nifaq almasına çalışanlar öz niyyətlərinə nail ola bilmiyəcəklər”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir