Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı anasının dəfn mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. Modern.az-ın məlumatına görə, bu barədə A.Hacılının vəkili Osman Kazımov “Yeni Müsavata”-a bildirib.
Onun sözlərinə görə, həbsdən müvəqqəti olaraq azad edilən A.Hacılı artıq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki zabitinin və onun - vəkil Osman Kazımovun müşayiəti ilə Zaqatalaya yola düşüb.
Xəbər verildiyi kimi, dünən A.Hacılının anası vəfat edib. A.Hacılının anasının dəfnində iştirak edəcək, hüzr mərasimlərini verdikdən sonra yenidən həbsxanaya qayıdacaq. A.Hacılıya bir həftə möhlət verilib.
Bildirilib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər A.Hacılı ilə telefon əlaqəsi yaradıb və ona anasının vəfatından kədərləndiyini bildirərək, başsağlığı verib.
Xatırladaq ki, son bir neçə ildə əzizləri vəfat edən bəzi məhbusların bir neçə günlüyə həbsdən azad edilməsi və yaxınlarının dəfnində iştirak etməsi ənənəsi yaranıb.
Modern.az