
Bu gündən Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verildi. Universitetin rektoru, millət vəkili, professor Səməd Seyidovun 14 may 2012-ci il 54 saylı əmrinə əsasən sessiya iyunun 30-dək davam edəcək. Bu barədə Modern.az-a ADU-nun mətbuat xidmətindən məlumat verilib.
Yay imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılacaq.
Yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xüsusi şöbənin rəisi Elçin Tağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva, Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımov və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadır. Bununla yanaşı, ADU-nun 440-35-02, 440-35-05, 440-64-82 saylı şəhər və 141,146, 264 saylı daxili telefonları, eləcə də
[email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulub.
Modern.az