Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, temperaturun ötən günlərə nisbətən 3-4 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.
Abşeronun şimal çimərliklərində dəniz suyunun temperaturu 21-22, cənub çimərliklərində isə 22-23 dərəcə isti olacaq.
Modern.az