Modern.az

Qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır

Qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır

Təhsil

1 İyun 2012, 14:35

“Parlamentin müvafiq şöbəsi tərəfindən Azərbaycanda qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır”. Bunu parlamentin İqtisadi siyasət, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşunun müzakirəsi zamanı Milli Məclisin (MM) şöbə müdirinin müavini Səyyad Kərimov deyib.  Onun bildirdiyinə görə, Tikinti və Şəhərsalma Məcəlləsinin istər birgə komitələrin, istərsə də parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı qanunsuz tikintilərin sənədləşdirilməsi məsələsi daha çox müzakirə obyekti olub: “Ancaq biz hesab edirik ki, qanunsuz tikintilərin sənədləşdirilməsi ilə bağlı məsələ Tikinti və Şəhərsalma Məcəlləsinin predmeti deyil. Bildiyiniz kimi, bu məsələ ilə bağlı dövlət başçısının da tapşırığı var və o, hökumətin də nəzarətindədir. Bu baxımdan, şöbəmiz, həmçinin Tikinti və Şəhərsalma Məcəlləsinin hazırlanması ilə məşğul olan İşçi Qrupu belə bir qərara gəlib ki, bu yöndə ayrıca bir qanun layihəsi hazırlansın. Hələlik bununla bağlı müəyyən müzakirələr getdiyi üçün onu gündəliyə təqdim edə bilmirik. Müzakirələr başa çatdıqdan sonra həmin qanun layihəsini lazım gələrsə, daha geniş müzakirələrə təqdim edə bilərik”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşu ilə bağlı bildirib ki, bu sənədin hələ  birinci oxunuşundan sonra geniş ictimai müzakirələr keçirilib. Bu müzakirələrdə də biznes elitasının nümayəndələri yaxından iştirak edib, öz təkliflərini səsləndiriblər:  “Bundan sonra İşçi Qrupumuz məcəllə ilə bağlı öz işlərini davam etdirib, ictimai müzakirələrdə biznes elitası, QHT-nin, o cümlədən, millət vəkillərinin səsləndirdikləri təkliflər yenidən diqqətlə nəzərdən keçirilib və onlardan məqsədəuyğun olanları məcəllənin ikinci oxunuşuna salınıb. Yəni, demək olar ki, məcəllə ilə bağlı qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb”. Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir