
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü artıq 62 ildir dünyada qeyd olunur. İyunun 1-i uşaqların müdafiəsinə həsr etmək haqda qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir. Dövlət Statistika Komitəsindən
Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda 2032.4 min uşaq var. Onlardan 1082.2 min nəfəri oğlan, 950.2 nəfəri isə qızdır. Qeyd edək ki, bu uşaqların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir.
Bundan başqa, ölkəmizdə elə uşaqlar var ki, onların bəziləri hər iki valideynlərini itiriblər. 2012-ci il yanvar ayının 1-inə qədər yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı 976 nəfərdir.
“Nur” Uşaq və Gənclər İctimai Birliyi 1 iyun Uşaqlarin beynəlxalq müdafiə gününə dair bəyanat verib. Bəyanatda bildiilib ki, Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır.
”Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaqlar dünya üçün bir çağırışdır. Bizim başqa bir uşağın öz yaşamaq hüququndan məhrum edilməyəcəyi barədə heç bir zəmanətimiz yoxdur. Dünya birliyi Erməni təcavüzünə son qoyulmasına dəstək göstərməlidir”-deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, ingilis dilində hazırlanan bəyanat Azərbaycanda akkreditə olunmuş səfirliklərə, beynəlxalq təşkilatlara, beynəlxalq uşaq təşkilatlarına və sosial şəbəkələrə göndərilib.
Sevinc İLTİFATQIZI