Modern.az xəbər verir ki, mayın 31-də Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi başa çatıb. Azərbaycanın Şuraya sədrliyi bir ay - 1-31 may tarixlərində davam edib.
Qeyd edək ki, qurumda Azərbaycanın sədrliyilə bir neçə icılas keçirildi. Mayın 2-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında qurumun Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk iclasını keçirib. İclasda Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmağa, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırıblar. ABŞ tərəfindən irəli sürülən Sudan ilə Cənubi Sudan arasında sərhədboyu vəziyyəti "beynəlxalq sülh və sabitliyə ciddi təhdid" adlandıran qətnamə layihəsi Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən qəbul edilib.
Mayın 4-də Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb.
İyunun 1-də Azərbaycanın BMT-dəki sədrliyi Çinə keçib.
Azərbaycan keçən ilin oktyabrında ilk dəfə olaraq Şərqi Avropadan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayıb və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bu iki il müddətində Azərbaycan növbə ilə Təhlükəsizlik Şurasının 1 ay müddətinə sədri funksiyalarını yerinə yetirəcək.
BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olub 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Şura dünya miqyasında baş verən ən önəmli və aktual məsələlərin əsas müzakirə və qərar qəbul etmə məkanıdır.
Modern.az