Türkiyənin Amasiya bölgəsində keçirilən “Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigarı” adlı beynəlxalq simpoziumda iştirak edən millət vəkili Qənirə Paşayeva Amasiya Universitetinin rektoru Metin Orbay ilə görüşüb.
Görüş zamanı deputat Amasiya Universitetində Azərbaycanın Qarabağ bölgəsində doğulan, amma həyatının böyük bir hissəsini Amasiyada yaşayan və Türk millətinin fikir, tasavvuf kültüründə, ədəbiyyatında özəlliklə divan ədəbiyyatında böyük xidmətləri olan Seyid Mir Həmzə Nigariyə həsr olunmuş simpoziumun keçirilməsinə görə Metin Orbaya təşəkkür edib.
Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyinə toxunan Q.Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də rektora geniş məlumatlar verib.
Deputat Amasiya Universitetinin rektoru Metin Orbayı Azərbaycana dəvət edib və o da öz növbəsində Azərbaycana səfər etməkdən böyük məmunluq duyacağını deyib. Giresun Universitetinin rektoru Aygün Attar, Milli Elmlər Akademiyasının şöbə müdiri professor Rəna Mirzazadə, professor İbrahim Yıldırım, “Miras” təşkilatının sədri Fariz Xəlilli, Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova da rektorla görüşdə beynəlxalq simpoziumla və iki ölkə arasında əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Metin Orbaya Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və özünün müəllifi olduğu kitabları təqdim edib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan Kültür-Sanat və Dayanışma Dərnəyi başqanı Muttalip Ulutanrıverdi və təşkilatın üzvləri ilə də görüşüb.
Görüşdə deputat bildirib ki, Seyid Nigari kimi aydınların anılması və gənclərə anlatılması ortaq tariximizin öyrədilməsi ilə yanaşı ortaq gələcəyimiz üçün də çox vacib və əhəmiyyətlidir.
Konfransın TRT Avaz kanalı ilə canlı yayımlanmasını önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva Türk millətinin yaşadığı müxtəlif coğrafiyalarda da bu konfransın izlənilməsini əhəmiyyətli hadisə adlandırıb və təşkilat üzvlərinə bundan sonra da həyata keçirəcəkləri mədəniyyət layihələrinin daha geniş sayda insanımıza çatdırılması istiqamətinə də böyük önəm vermələrini söyləyib. Azərbaycan Kültür-Sanat və Dayanışma Dərnəyi başqanı Muttalip Ulutanrıverdi və təşkilatın üzvləri millət vəkilinə həyata keçirdikləri layihələr və planları ilə bağlı məlumatlar verib, fəaliyyətlərini bundan sonra daha da surətləndirəcəklərini vurğulayıblar və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva həmçinin Amasiyada yaşayan bir sıra Azərbaycan kökənli ailələrlə də görüşüb.
Qeyd edək ki, Amasiya müxtəlif dövrlərdə xüsusilə 19-cu yüzildə çar Rusiyası tərəfindən Azərbaycan torpaqları işğal altında olan zaman Azərbaycanlıların Anadoluya ən çox köç etdikləri şəhərlərdən biridir və burada çoxlu sayda Azərbaycan kökənli ailələr yaşayır.
Modern.az