Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 2-də Bakı məktəblərində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirdi.
Komissiyanın (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə bu gün keçirilən buraxılış imtahanlarında ciddi nöqsanlara yol verən 7 şagird imtahandan qovulub.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan gəldiyinə görə, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.
Bəzi şagirdlərin isə imtahan binalarına mobil telefon, eləcə də digər köməkçi vasitələrlə keçmək cəhdlərinin qarşısı alınıb.
İlkin məlumatlara əsasən müxtəlif binalarda 7 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılaraq, nəticələri ləğv edilib.
Bəzi şagirdlərin isə imtahan zalından qaydalara zidd olaraq sual kitabçasını çıxarmaq cəhdlərinin qarşısı alınıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.
Buraxılış imtahanı Bakı şəhərinin 11 rayonunda yaradılmış 53 imtahan mərkəzində-Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqəd rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6, Suraxanı rayonunda 5, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4 binada saat 11:00-da başlanıb, saat 13:00-da başa çatıb.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
TQDK sabah - iyunun 3-də Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
TQDK həmin imtahana hazırlaşan şagirdlərin və onların valideynlərinin nəzərinə bir daha çatdırırır ki, imtahana buraxılış rejimi tələb olunan aşağıdakı sənədlər əsasında aparılacaq:
1. İmtahana buraxılış vərəqəsi
2. şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnamə)
3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkili yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
Anar RÜSTƏMOV