Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 3-də Bakı şəhərindəki orta məktəblərdə Azərbaycan və rus bölməsi üzrə 9-cu sinif şagirdləri üçün, eyni zamanda Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında rus bölməsinin 9-cuları üçün buraxılış imtahanlarını keçirib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, orta ümumtəhsil müəssisələrinin 9-cu siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 68 imtahan mərkəzi ayrılıb.
Bakı şəhəri üzrə 34277 nəfər 9-cu sinif şagirdi buraxılış imtahanında iştirak edib. Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 2096 nəfər 9-cu sinif şagirdi imtahan verib.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib.
Saat 11-də başlayan imtahanın müddəti 2 saat çəkib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.
TQDK bildirib ki, bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıb.
İlkin məlumatlara əsasən müxtəlif binalarda 13 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib.