Azərbaycanın bir qrup KİV rəhbəri erməni həmkarları ilə görüşmək üçün Moskvaya gedib. Modern.az bildirir ki, bu barədə görüşə yollananlar arasında olan “Gün.az” portalının təsisçisi Elnur Baimov məlumat verib.
Qeyd edək ki, “Rossiyskaya Qazeta”nın redaksiyasında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan KİV rəhbərlərinin iyunun 4-də keçiriləcək.
Düşmən ölkələrin KİV rəhbərlərinin təmasları Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkonun təşəbbüsü ilə ərsəyə gəlir.
Xatırladaq ki, bu il fevralın 22-də “Rossiyskaya qazeta”nın redaksiyasında iki ölkə ziyalılarının görüşü keçirilib. Görüşdə iştirak edən M.Şvıdko bu cür təmasların davam etdiriləcəyini söyləyib.
Rusiya tərəfi bu addımın Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində təşkil edildiyini bildirir.
***
APA-nının məlumatına görə, bu gün keçirilən görüşdə Azərbaycanın KİV rəhbərlərindən “Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov, “1news” agentliyinin baş redaktoru Rəhman Hacıyev, “Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, “News.az” xəbər portalının baş redaktoru Elnur Baimov və jurnalist Azər Həsrət iştirak edirlər.
Ermənistan tərəfdən Ermənistan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının eksperti Armen Minasyan, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert, kulturoloq-blogger Samvel Martirosyan, “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan, Ermənistan Prezident Aparatı İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Ara Saqatelyan və “Qolos Armenii” qəzetinin baş redaktorunun müavini Marina Qriqoryan görüşə qatılıblar.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan və keçmiş səfir, MDB Dövlətlərarası Humanitar Fondunun icraçı direktoru Armen Smbatyan da iştirak edirlər.
Görüş daha sonra İTAR-TASS informasiya agentliyində davam etdiriləcək.
X.SƏFƏROĞLU