Magistraturaya qəbul imtahanının birinci mərhələsindən keçən bakalavrların ikinci mərhələdə iştirak etmələri üçün bu gündən proqram seçimi başlayır. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.
TQDK rəsmisi bildirib ki, ikinci mərhələ ilə bağlı qaydalarnan daha yaxından tanış olmaq üçün “Magistr” jurnalının 4-cü sayı nəşr olunaraq bakalavrların istifadəsinə verilib. Bunun üçün bakalavrlar bu gündən iyunun 12-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı “Magistr” jurnalının 2012-ci il 3-cü sayında dərc olunub).
Proqram seçib təsdiq etmiş bakalavrlar 2012-ci il iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi 2012-ci il iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballı şkalada qiymətləndirilir. Qeyd edək ki, 2012-ci ildə magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 % artıb və 6107 olub (ötən il 5815 yer). Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14% artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir (ötən il 2095 yer).
Mail Ağaxanov