Modern.az

Azərbaycanlı uşaqlar Qarabağdan yazdılar

Azərbaycanlı uşaqlar Qarabağdan yazdılar

4 İyun 2012, 14:52

Modern.az saytı Azərbaycanın Kəlbəcər rayonundan olan məktəblilərin Qarabağ haqda yazdıqları fərqi inşa yazılarını təqdim edir.

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 9a sinif şagirdi Mustafayeva Nigar

Döyünən ürəyimiz – Qarabağ 

  Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ...Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan...Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həmdə bizim gələcəyə olan tək ümidimizdir.

  Qarabağ dedikdə hər kəs müxtəlif hisslər keçirir. Kimisi kədərlənir, kimisi idə gəncliyini və uşaqlığını xatırlayır. Düzdür, hal-hazırda biz öz Qarabağımızdan, canımızdan, şah damarımızdan ayrı düşmüşük. Artıq necə illərdir ki Qarabağı, onun gözəl təbiətini, gülünü, çiçəyini görmür, onun o təmiz, saf havasını duymuruq.

  Qaniçən ermənilər bizi Qarabağımızdan zorla ayırdı.Yaşlılara, qadınlara, uşaqlara zərrə qədər belə rəhm etmədilər. Bizi öz doğma yurd-yuvamızdan zorla ayırdılar, həsrət qoydular. Hələ utanmadan bizim Qarabağımızı, gözəl təbiətli, təravətli məkanlarımızı zəbt etdilər.

     Mənim qızıl ürəyimdə yaqut qaşdı Kəlbəcər,

     Mənim ağlar gözlərimdə qanlı yaşdı Kəlbəcər,

     Öz əlimlə öz başıma dəyən daşdı Kəlbəcər,

     Daha bəsdir yad əllərdə talan oldu sərvətim,

     Dur ayağa məmləkətim, qalx ayağa millətim.

  Kəlbəcər, Şuşa, Xocalı, Laçın, Ağdam, Ağdərə kimi gözəl rayonlarımız yadellilərin işğalı altındadır.

  Yazıq millətim...20% torpağın səndən ayrıdı...Sənin bu halına yerlər, göylər belə ağladı. Torpağından ayrı, vətənindən ayrı bir xalq, bir millət yaşaya bilərmi?! Yaşaya bilməz...Doğma yurdundan, yuvasından ayrı düşmüş insanların nə çətinliklər çəkdiyini, nə ağrılar yaşadığını heç kim anlaya bilməz.

  Vətənim...Səni parçaladılar, mənimsədilər.

Qarabağ öz təbiəti, havası, suyu ilə deyil, öz qəhrəman oğulları, mərd əhalisi ilə hər zaman seçilmişdir.

Qarabağınıza olan həsrətimiz, intizarımız gündən-günə artır.Hər gün içimizdə bir ümid daha da artır, hər gün Qarabağa olan sevgimiz, həsrətimiz daha çox artır.

      Şuşa, Laçın Xocalı qovrulur öz yağında

      Yetmiş yeddi yara var sinələrin dağında

      Vaqif, Şəmşir, Ələsgər düşmənin torpağında

      Dağ yandırır, daş yandırır həsrətim

      Dur ayağa məmləkətim, qalx ayağa millətim

XVIII əsrin sonlarında Azərbaycan ərazisində Qarabağ xanlığı yarandı. Bu xanlıq Şəki, Cavad, Gəncə İrəvan, Naxçıvan və digər xanlıqlarla həmsərhəd idi. Qarabağ xanlığında əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Toxuculuq, Sənətkarlıq və xalçaçılıq bu xanlıqda çox yaxşı inkişaf etmişdi.Qarabağ xalçaları elə indidə öz şöhrətini qoruyub saxlayır.

  Məşhur Qarabağ şikəstəsi Azərbaycan zərbi muğamlarından biridir. Bu muğam xalqımız tərəfindən böyük sevgi və maraqla dinlənilir. Qarabağ şikəstəsi könlümüzü sakitləşdirir, sanki Qarabağlı günlərimizi yadımıza salır, bir gün yenə ora dönəcəyimizə, oranı görəcəyimizə aid içimizdə gözəl bir hiss yaradır.

  Qarabağ bizim həm bu günümüz həm də sabahımızdır. Qarabağ bizim həm kədərimiz, həm də sevincimizdir. Bir sözlə Qarabağ bizim hər şeyimizdir.

   Qarabağımıza yazılmış bir çox gözəl əsərlər vardır. Bu əsərləri oxuduqca könlümüzdəki Qarabağ sevgisi birə-beş artır.

   Qarabağımız bir çox gözəl və istedadlı şairlər yetişdirmişdir. Qarabağ şairləri Azərbaycanın bir çox sahələri ilə birlikdə Tiflis, Orenburq, Həştərxan, Buxara, Mərv, Bağdad şəhərləri ilə də ədəbi əlaqə saxlamışlar. Bu məclislərdə adlı-sanlı şair, musiqiçi və rəssamlarımızın sənətkarlığı izlənmiş, onların incəsənətə gətirdikləri yeniliklər müzakirə edilmişdir. Bu zaman Xurşidbanunun ilhamla qələmə aldığı “Eylər”, “Gətirir”, “Bənzətdim” kimi əsərləri Azərbaycan şairləri arasında seçilən əsərlərdən olmuşdur.

   Qarabağımızı işğal edən yağı düşmənimiz utanmadan Qarabağı öz torpaqları adlandırırlar. Sanki törətdikləri soyqırımları, axıtdıqları günahsız insan qanlarını, atdıqları o qorxunc güllələri, açdıqları o dərin yaraları unutmuşlar.

   Qarabağ düşmənlərin tapdağı altında əzab çəkir, hər gün insan kimi ağlayır, yenidən öz xalqının ona sahib çıxacağı günü gözləyir. Bizim hər birimiz əzab çəkirik, Qarabağı geri almaq istəyirik, çunki Qarabağ bizim sərvətimiz, qızılımız, gülümüz, çiçəyimiz bir sözlə bizim hər şeyimiz, görən gözümüz, döyünən ürəyimizdir. Qarabağsız biz əlsiz, ayaqsız kor bir insan kimiyik. Yaşamaq, yaşatmaq istəyiriksə Qarabağı işğaldan qurtarmalıyıq.

   Bəzən düşünürəm ki, Qarabağ yenə bizim olsa nələr olar? Həmin saniyə elə cavabını tapdım. Nələr olmaz ki... Sanki həyatımız işıqlanar, aldığımız hər biz nəfəs bizə necə xoş, necə gözəl olar. Düşünmək belə gözəldir Qarabağın yenə bizim olduğunu. Xəyalı belə xoşdur Qarabağımızın.

   Hələ ki, Qarabağımız bizdən ayrıdır, hələki düşmənimiz görür onun gözəlliyini, düşmənimiz içinə çəkir onun o saf, təmiz havasını. Nə etmək olar, demək ki qisməti bu imiş Qarabağımızın. Başına gəlməli imiş bu dərd, bu fəlakət, çəkməli imiş bu həsrəti, dadmalı imiş bu qəmi, kədəri... Olan olub amma keçən hələdə keçməyib. Qarabağımız bizdən alınıb amma biz hələ də, ona qovuşmamışıq. Çox kədərlidir, çox təsirlidir bizim olana başqasının sahib olması.

   O zamanlar gücsüz idik. Buna görə də ermənilər Qarabağımızı bizdən aldı. Amma artıq dövran dəyişib. Artıq biz güclüyük, müstəqil dövlətimiz var, orduya sahibik. Müharibəyə də, mübarizəyə də həm gücümüz həm də casarətimiz var. Bir sözlə artıq düşmənimiz bizdən qorxsun! Qorxsun, çünki biz Qarabağımızı onlara hədiyyə etməyəcəyik!

      Özgənin əlindədir xeyirimiz, şərimiz,

      Sərvətimiz daşındı, hey soyuldu dərimiz,

      Gözümüz üfüqdədir açılmır səhərimiz,

      Bizə düşən səmada gün tutulmuş ay Allah!

Bu misralarda həqiqətəndə çox dərin məna var.Doğurdanda sərvətimiz başqasının əlindədir. Qarabağımızın bütün gözəlliklərini düşmənlərimiz görür.

    Mən inanıram ki gün gələcək Qarabağ yenə də bizim olacaq. Biz bütün şad, gözəl günlərimizi orada keçirəcəyik.

   Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq.

                                                     *******

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 9a sinif şagirdi Kərimli Leyla

Müəllimə: Həsənova Təranə  

Qəlbimizdə yaşayan Qarabağ!

 

Qarabağ...Vətənimiz dilbər guşəsi...Dünyanın ən gözəl yerlərindən biri...Hər bitkisi min dərdə dəva, hər bulağının suyu bir möcüzədir. Onun gözəlliyi hamını heyran edir. Qarabağ igid, qəhrəman cəsur oğul və qızları ilə fərqlənən bir yerdir. Bu bölgə sənətkarların yaratdıqların sənət nümunələrinə görə çox məşhurdur. Qarabağ kəlağayısı Qarabağ və Azərbaycan xanlıqlarının milli simvoludur.

   Vətənimizin dilbər güşəsi olan Qarabağ təbii sərvətləri ilə çox məşhurdur. Dünyanın heç bir yerində yetişməyən bitkilər burada yetişir. Xarı bülbül kimi nadir bitki yalnız Qarabağ torpağında yetişərək bu torpağın nə qədər möcüzəli və qeyri-adi olduğunu sübut edir. Heç təsadüfi deyil ki xalqımızın ən məşhur sənətkarlarını, müğənnilərini, bəstəkarlarını və xanəndələrini bu torpaq yetişdirmişdir. Bu sənətkarlardan ən tanınmışları Üzeyir Hacıbəyov, Xan Şuşinski, Bülbül, Cabbar Qaryağdıoğludur.Onlar xalqımızın musiqisini, mədəniyyətini bütün dünyaya tanıtmışdılar.Belə sənətkarların yetişməsinin səbəbi Qarabağın möcüzəli havası, suyu və torpağıdır.Qarabağın qızlarının gözəlliyi hamı tərəfindən bilinir. Molla Pənah Vaqifin Qarabağ gözəllərini tərif etdiyi şerləri hamı tərəfindən əzbər bilinir. Yəqin ki oranın təbiətindəndir ki qızları bu qədər gözəl, oğlanları isə ucaboy, enlikürək və cəngavərdirlər.

   Qarabağ mədəniyyəti tək bir sahədən ibarət deyil. Qarabağ xalçalaraı bütün dünyada məşhurdur. Qarabağ xalçalarına aid məmulatların bədii tərtibatına həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, eləcədə dekorativ və təsviri sənətin müxtəlif naxışları aiddir. “Aran”, “Baxçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Ləmbərani” kimi xalçalar Qarabağ xalqının möcüzəli əl işləridir. Bu xalçalar dünyanın bir çox tanınmış muzeylərində nümayişə qoyulmuşdur. Xarici vətəndaşlar da bu xalçalara bizim qədər maraq göstərirlər.

   VXIII əsrin ortalarında Qarabağ xanlığı yaranmışdır. Xanlığın görkəmli xanlarından biri də İbrahimxəlil xan olmuşdur. O, Qarabağ üçün bir çox işlər görmüşdür. Onun nəvəsi Xurşidbanu Natavan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. O, Qarabağ əhalisinə ürəkdən bağlı olmuşdur. Əhalinin rahat və firavan yaşamağı üçün əlindən gələni əsirgəməmişdir. Öz həyatını xalqına həsr etmişdir. Xalqımızın belə ağıllı, uzaqgörən, bilikli bir qızı olmağı çox sevindirici bir haldır.

    Qarabağın atları da çox məşhurdur. Ən yaxşı cins atlar burada yetişdirilmişdir. Əsasən qızılı-kürən və kəhər atlardır. Onlar dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar.

   Qarabağ. Bu adın qarşısında bütün Azərbaycan xalqı acizdir. Bu möcüzəli və bərəkətli torpaq yağı düşmənin tapdağı altındadır. Artıq iyirmi ildir ki Qarabağ düşmən tapdağı altındadır. İyirmi ildir ki Qarabağ qan ağlayır. Onun əvvəlki gözəlliyindən əsəsr əlamət qalmamışdır. Yağı düşmən onu istədiyi kimi dəyişdirmişdir. Nemətlərindən vəhşiliklə istifadə etmişdir.

      İtkinlərim tapılsada ölənlərim dirilməz,

      Baltalanıb budanmışam budaqlarım gərilməz,

      Ağac əkdim meyvələri öz əlimlə dərilməz,

      Yağıların pəncəsində cəhənnəmdir cənnətim,

      Dur ayağa məmləkətim, qalx ayağa millətim!

1992-ci ildə erməni cəlladları torpaqlarımızın iyirmi faizini işğal etdilər. Qarabağ da işğal olundu. O qanlı faciədən artıq iyirmi il ötüb. Qarabağ uğrunda döyüşlərdə xalqımız bir çox şəhidlər vermişdir. İgid, cəngavər oğullarımız, qeyrətli, namuslu vətənpərvər qızlarımız vətən uğrunda qəhrəmancasına həlak olmuşlar. Bir vaxtlar öz torpağımızda şah ikən indi qula dönmüşük. Minillik tariximiz unudulmuşdur.

      Bugün qula dönmüşəm dünən mən bir şah ikən,

      Yoxmuş məni bir doğan, yoxmuş məni bir əkən.

      Bu torpağa düşmüşəm haradansa mən dünən,

      Min-minillik tarixim unudulmuş ay Allah! 

Qarabağ bugün bizim yolumuzu gözləyir. Düşmən torpağından azad olunacağı günü səbirsizliklə gözləyir.Bu onun haqqıdır.Biz onu unutmadığımızı söyləyirik. Lakin hərəkətlərimizlə bunu göstərmirik.Dilimizdə ancaq Qarabağ sözü var, vətənpərvərik, onun uğrunda canımızı verməyə hazırıq.Hələ ki bu dediklərimizin heç birini etmirikQarabağ hələ də düşmən əlindədir.Bu bizim yaralı yerimizdir.

      Gözümüzdə qalsa da muradımız kamımız

      Görükənə deyil yox, bir nəfər tək hamımız,

      Deyilənə inandıq...Bizim bu inamımız

      Demə qul olmamıza kəsə yolmuş ay Allah!

  Xalqımızın başına gələn bütün bu müsibətlər hamını özümüz kimi bildiyimizə görə oldu. Biz hər kəsi özümüz kimi bilirik. Erməni cəlladları hiylə işlədərək xalqımızın xoş rəftarını öz xeyirlərinə istifadə etdilər. Bir zamanlar qohum, qonşu, dost olduqları xalqı heç tanımamış kimi qırdılar. Azərbaycan xalqı onlara nə etmişdi? Nəyin qisasını aldılar? Heçnəyin.Sadəcə onlar çox nankor, hiyləgər və ikiüzlü bir millətdirlər. Öz mənafeləri üçün qardaşlarını da öldürə bilərlər.

  Qəlbimizdə yaşayan Qarabağ. Artıq iyirmi ildir ki biz onsuz yaşayırıq. Çox təəssüfflər olsun ki mən Qarabağı görməmişəm.Mən dünyaya gələndə o artıq düşmən tapdağı altında idi. Qarabağı mən böyüklərdən, onların danışdığı hekayələrdən öyrənmişəm. Qarabağdan didərgin düşən insanların necə Qarabağ həsrəti ilə yandıqlarını görürəm.

   Hər keçən gün bizi Qarabağdan daha da uzaqlaşdırır. Biz çalışmalıyıq ki bu keçən günlərin sayını azaldaq.İşğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki bizdən sonra gələn nəsillər Qarabağa getsinlər, oranın gözəlliyi ilə tanış olsunlar. Mən ümid edirəm ki o gün yaxındadır. Qarabağ nə yolu olursa olsun geri qayıdacaq. Gec tez bu olacaq.Allah Allah işğal olunmuş torpaqlar uğrunda canından keçmiş şəhidlərimizə rəhmət eləsin!.

     Bir qırıq işıq görüb zülməti yamanladıq

     Sübhün açıldığını zənn edib gümanladıq

     Biz də dönüb Sabirə bircə ağız banladıq

     Bizim banlamağımız günah olmuş ay Allah!

     Neçin mənə özgəsi “allah” olmuş ay Allah!

                                                                    *******

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 8b sinif şagirdi Quluzadənin inşa yazısı

Müəllimə: Məmmədova Suğra

                 

“Qarabağ haqqında xatirələrim”

Qarabağ – gözəlliklər diyarı: Şuşa, Ağdam, Laçın, Kəlbəcər...Gözəl, göm-göy şəhərlər, saf hava, bulaq suyu, quşların səsi...Bura bol məhsullu dadlı meyvələri olan zəngin torpaqdır.Öz gözəlliyinə görə Qarabağ İsveçrənin dağlıq massivlərindən heç də geri qalmır.

   Tarix boyunca Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur.O, Azərbaycanın sələfi Albaniyanın tərkibində yerləşmişdir.Bu səxavətli və qədim torpaqda insanlar mehribancasına yaşamış və çalışmışlar. Qarabağ çiçəklənən ölkə kimi dünyaya çoxlu məşhur ad bəxş etmişdir.Şuşa şəhəri bir çox məşhur bəstəkarın – Üzeyir Hacıbəyovun, Müslim Maqomayevin və həmçinin şairə Natəvanın vətənidir. Dağlıq Qarabağ vilayətində qırxdan artıq millət yaşamışdır.

   İndi isə Qarabağ tapdanmış, talanmış, yandırılmış və düşmən tapdağı altında inildəyən bir torpaqdır.1988-ci ildə elan edilməmiş müharibə başlandı. Ermənilər Qarabağı əsrlərdən bəri özlərinki hesab edərək onu geri qaytarmağa çalışırdılar.Onlar buna görə minlərlə yüzlərlə körpələri, qadınları, uşaqları və qocaları işgəncələrlə qətlə yetirmişlər. Amma Qarabağın Azərbaycan torpağı olmağı əsl həqiqətdir.Onu Azərbaycan xalqından almaq olarmı? Ermənilər torpaqlarımızın 20%-ni işğal etdilər. Şuşa, Ağdam, Xocalı, Kəlbəcər, Laçın tamamiə məhv edilmişdir.Düşmən yerli əhalini öz ata-baba yurdundan didərgin salmışdır.Güllə-baran, kütləvi qətllər və son olaraq işğal və qaçqınlar. Bir milyondan artıq olan qaçqınlarımız ən sadə məişət şəraiti olmayan çadırlarda yaşayırlar.

  Xalqımız indi Qarabağın harayında, həsrətindədir. Ən çox da bu həsrəti eli-obası yandırılmış, el-obasından qovulmuş qaçqınlarımız çəkir. Vaxtilə çal-çağırdan qulaq tutulan, musiqi festifalları keçirilən, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü yaşlı sinəsi dağlıdır.

   Vətənin ən qəhrəman oğul və qızları Qarabağın müdafiəsinə qalxmışlar. Minlərlə insan döyüşlərdə həlak olmuşdur.Müharibə amansız, qəddar və dəhşətli olmuşdur.Hər gün kimsə oğlunu və ya qızını itirirdi, kimsə itgin düşür, kimsə yetim qalırdı.

   1994-cü ildə Heydər Əliyev müharibəni saxladı, atəşkəs elan olundu və danışıqlara başlanıldı. Qarabağı öz gücümüzə qaytarmaq haqqında fikirlər tez-tez səslənir. Amma biz yenidən qan tökülməsini istəmirik. Lazım gəldikdə biz bunu mütləq edəcəyik və hiyləgər düşməni torpaqlarımızdan qovacağıq.

                                                                        *******

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 7ç şagirdiHümbətli Şirvanın

“Qarabağ haqqında nəğmə” adlı inşa yazısı

 Müəllimə: Məlikova Dilarə

 

 Əzizinəm Qarabağ

Şəki, Şirvan Qarabağ

Aləm cənnətət dönsə

Yaddan çıxmaq Qarabağ!

   Hər kəsin ürəyində vətən haqqında bir nəğmə var. Gec-tez hamı onu oxumalıdır.Bu nəğmə ən böyük konsert salonlarında da oxuna bilər, bir bulaq başında da.

  Ən böyük nəğmə həsrət nəğməsidir. Ata-analarımızın sonsuz yollara dikilmiş şəffaf, iri və ala gözləri, eləcədə məmin Qarabağımın balaca yurddaşlarının ilahi gözləri bu dünyanın ən gözəl nəğməsini oxuyur.

  Qarabağ – Mənim zildən oxunan mahnımdır. Sevgi, xoşbəxtlik haqqında oxunanda da gözümün yaşı qurumayan mahnım. Hər dəfə Qarabağ düzlərini keçib ata yurdum Füzuliyə çatanda elə bilirəm ki muğamın bəmindən zilinə qalxıram.

Yay tətilini həmişə doğma yurda səyahətlə aşlayırıq.Yola çıxanda ürəyim köksümə sığmır. Çatanda daxilən rahatlaşıram. Bu Qarabağımdır! Şehi çəkilməmiş çöllərdə kənd evlərinin günəşə açılmış pəncərələrində, durna  lələyi kimi yol qırağına düzülmüş qovaqların duruşunda elə bir doğmalıq var ki, özündən asılı olmadan pıçıldamaq istəyirsən: “Salam ay geniş çölüm, halal yolum! Bərəkətli kəndim!”

   Gözümüz önündə nəhəng bir kitab vərəqlənir. Qədim dünyanın min bir sirri burada yaşayan adamların ömür-gün nəğməsi bu çöllərə və başı qarlı dağların sinəsinə yazılıb.

  Qarabağ aranlı-dağlı bir dünyadır.Günçıxandan günbatana qədər, düzəngahlardan dağlara doğru gedəndə uzun müddət üfüqlərin düzülüşü adamı heyrətə salır. Elə bil xətkeşlə çəkilib.Bu düzülüşü qocaman qovaqların yollar boyu uzanan sıraları pozur. Sonra birdə görürsənki üfüq dalğalanır. Bilmirik ki nə vaxt təpələrin qoynuna düşmüşük, əlimiz Qarabağ dağlarının ətəyindədir.Atamın, anamın həsrət dolu gözləri isə daha uzaqlara, başı qarlı Qarabağ dağlarına zillənir. Mənfur ermənilərin iyirmi il işğalda saxladıqları Qarabağın dərdi onların ürəyində sağalmaz yara açıb. Öz yurdundan yuvasından didərgin düşən babam, nənəm doğma yurdun ətəklərində ikinci dəfə məskən salıblar. Nənəmin dilindən tez-tez bu bayatını eşidirəm.

     Qarabağı

     Günümün qara bağı

     Gorbagor olsun cəllad

     Kor qoydu Qarabağı.

Qarabağ dərdi bizim ailənin yaralı yeridir.Hər dəfə muğam oxunanda anamın gözləri yaşarır.Üzündən bilinir ki Qarabağı – doğma yurdunu, elini, obasını düşünür. Bir dəfə anamın “Xatirə” dəftərinin arasında gül ləçəkləri gördüm. Bu ləçəklər qəribə idi. Adi gülə bənzəmirdi. Soruşanda ki bu necə güldür? Dərindən köksünü ötürüb “Xarı bülbüldür, ancaq Qarabağda, Şuşada bitir” dedi. Sonralar kitablardan Xarı bülbül haqqında çox şey öyrəndim.Öyrəndim ki Qarabağdan, Şuşadan danışıb Xarı bülbülü unutmaq günahdır. Çünki bu çiçək dünyanın ən böyük həqiqətlərindən biri ilə bağlıdır. İndi bu həqiqət nağıl kimi səslənir.Şairə Ağabəyim ağanın taleyini Azərbaycanda bilməyən yoxdur.Şahın gəlini kimi İran sarayına köçürülən bu Qarabağ gözəli “Vətən, vətən” deyib günü-gündən saralıb solur. Əlacsız qalan şah Qarabağın ağacından, gülündən çiçəyindən apartdırıb sarayda bir “Qarabağ cənnəti” düzəltdirir. Lakin Xarı bülbül yad torpaqda bitmir ki bitmir.

   Qarabağın hər qarış torpağı, dağı, təpəsiçayı, bulağı, hər bir azəri türkü üçün doğmadır, əzizdir.Bu torpaqları mənfur qonşumuz ermənilərdən azad etmək bizim ən müqəddəs borcumuzdur. Təbii ki bunun üçün hamımız bir yumruq kimi birləşib ali baş komandan İlham Əliyevin hər an verə biləcəyi göstərişlərə hazır olmalı, ulu babalarımızdan bizə əmanət qalan torpaqlarımızı geri qaytarmaq üçün əlimizdən gələni əsirgəməməliyik. 

                                                                         *******

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 8b sinif şagirdi Əvəzli Rənanın inşa yazısı

Müəllimə: Məmmədova Suğra

 

Qarabağ haqqında xatirələrim..

Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “cəngi” də, “Koroğlunun üverturası” da Qarabağ notu əsasında bəstələnib.

Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumuzun dilbər guşəsidir.

Şuşa – qəsbkar şahların başını bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.

Topxana – Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif yadigarı olan cənnət diyarımızdır.

 

Hələ Kəlbəcər, Turşsu, İsabulağı...

Çox-çox təəssüflər olsun ki qoruya bilmədik Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını. İstəməsək də verdik yağı ayağının tapdağına. Özümüz isə göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə çəkildi. Azərbaycan dünyanın cənnət diyarı şah ərazisidir. Bu şahın tacı isə Qarabağdır. Tacı başda gəzdirirlər. İndi bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.

   Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə çal-çağırdan qulaq tutulan, musiqi festifalları keçirilən, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi yaraydadır.

   Bu gün biz “Qarabağ lazımdır!” deyib özümüzə təsəlli versək də, əslində bilirik ki, Qarabağ

Bizim yox, düşmənlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox, vətənpərvərlik hissi, mübarizə əzmi qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir.

  Bu torpaq yad əlləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan bircə “vətən” kəlməsinə həsrətdir. Biz də bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik.

   Bizim hər birimizin ən böyük arzusu qələbə, işğal olunmuş torpaqlarımızın, Qarabağımızın geri qaytarılması və azad olunmasıdır. Mən inanıram ki həmin şad günü həsrətlə gözləyən, qələbə sevinci yaşamaq istəyən arzularımız gerçəkləşərək Qarabağ həsrətimizə son qoyulacaq. Düşmən, Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini mütləq alacaq. Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq! Bu nida hər bir azərbaycanlının qəlbinin sədasıdır.

Hazırda münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqlar aparılır. Bu danışıqlarda ABŞ, Rusiya və Fransa kimi iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar iştirak edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə ermənilərin zorla zəbt etdikləri torpaqları qeyd-şərtsiz qaytarılması barəsində 4 qətnamə qəbul etmişdir.Azərbaycan dövləti torpağımızda yenidən müharibə başlamasını, qan tökülməsini istəmir, çalışır ki sülh danışıqları nəticə versin.Danışıqlarda Azərbaycanın nümayiş etdirdiyi mövqe haqq-ədalət mövqeyidir: Biz heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmürük, eyni zamanda öz torpaqlarımızın bir qarışını da düşmən tapdağı altında qalmasına imkan verməyəcəyik.

   Lakin ermənilər hər vəchlə sülh danışıqlarını yubatmağa çalışır, BMT-nin çıxardığı qətnamələri yerinə yetirməkdən yayınırlar.Ermənilərin tutduqları belə qeyri-ciddi mövqeyin sonu yoxdur.Sülh danışıqları baş tutmayacağı təqdirdə xalqımız bir nəfər kimi ayağa qalxıb torpaqlarımızı mənfur düşməndən azad etməyə hazırdır.İndi bizim düşməni torpaqlarımızdan vurub atmağa qadir olan ordumuz da güclənir. Dövlət büdcəsindən ordunun ehtiyyacları üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır ki, bu da Azərbaycanın silahlı qüvvələrinin maddi-texniki təminatının daha da möhkəmlənməsi, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi , insanlarda düşmənə nifrətin artması, yekdil əhval-ruhiyyənin artması onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən azad ediləcək.Ordumuzun, xalqımızın düşmən üzərinə zəfər yürüşünə çıxacağı, üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb. O gün mütləq gələcək!

   Biz bu günün şagirdi, sabahın müstəqil dövlət qurucularıyıq. Ürəkdən inanırıq ki çox tezliklə torpaqlarımız yağı əsarətindən azad ediləcək, düşmən üzərində qələbə qazanacağıq. Bu qələbədə isə biz də iştirak edəcəyik . Biz vətənə borcumuzu bu gün oxmaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik.Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur.Vətən bizə güvənir və bizdən hünərlər gözləyir.

   Mən vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da qanımdan da keçməyə hazıram. Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Biz Qarabağ müharibəsinin canlı şahidləri kimi azadlıq uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsini daim yad etməliyik.

   Vətəni sevməyən insan olmaz,

   Olsa da o şəxsdə vicdan olmaz!

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir