İyunun 4-də Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədi ilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində təşkil edilib.
Görüşdə Azərbaycanın KİV rəhbərlərindən “Gün.Az” informasiya agentliyinin rəhbəri Elnur Baimov, “1news” agentliyinin baş redaktoru Rəhman Hacıyev, “Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, “Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov və jurnalist Azər Həsrət iştirak ediblər.
Ermənistandan isə Ermənistan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının eksperti Armen Minasyan, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert Samvel Martirosyan, “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan, Ermənistan Prezident Aparatının İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Ara Saqatelyan və “Qolos Armenii” qəzetinin baş redaktorunun müavini Marina Qriqoryan təmsil olunub.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan və keçmiş səfir, MDB Dövlətlərarası Humanitar Fondunun icraçı direktoru Armen Smbatyan da görüşə qatılıblar.
“Gün.Az” informasiya agentliyinin baş redaktoru Elnur Baimov isə jurnalistlərə açıqlamasında görüşün pozitiv tərzdə keçdiyini deyib. O bildirib ki, iki ölkənin media qurumunun rəhbərləri dövlət başçıları, ictimai xadimlərinə qarşı mətbuatda qeyri-etik ifadələrin səslənməməsi, düşmən obrazının yaradılmasının azaldılması haqda şifahi razılığa gəliblər. E.Baimov növbəti görüşün harada keçirilməsi barədə də müzakirələr aparıldığını söyləyib. Onun sözlərinə görə, Bakıda, İrəvanda, Tbilisidə belə görüşlərin keçirilməsinə dair təkliflər irəli sürülüb.
Azərbaycanın aparıcı media quruluşlarının rəhbərləri Modern.az açıqlamalarında məsələyə münasibət bildiriblər.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu görüşün onu o qədər də maraqlandırmadığını bildirib.
“Mənim tanıdığım üzdə olan, normal KİV nümayəndəsinin ora getdiyindən xəbərim yoxdur. Buna görə də onların orada hansı fikir səsləndirməsinin də mənə heç bir aidiyyatı yoxdur və heç maraqlandırmır. Ümumiyyətlə, onların bu görüşündən qeyri-adi bir şey görümürəm”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, həmin görüşdə əsasən Azərbaycanın bir neçə rus dilli mediası iştirak edir. “Məcburi deyil ki, başqaları olsun. Onların iştirakı isə həmin görüşü təşkil edən təşkilatlarla əlaqədardır. Ümumiyyətlə bu görüşün Azərbaycan-Ermənistan münasibətlərinə heç bir xeyri olmayacaq”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, görüşdən əvvəl müəyyən müzakirələrin keçirilməsinə ehtiyac yoxdur.
“Bu görüş ənənəvi xarakter daşıyır. Keçən il də belə görüşlər oldu və bu gün də bu ənənələr davam edir. Birincisi, həmin görüşə getmək üçün dil faktoru rol oynayır və ora yəqin rus, ingilis dili bilənlərin getməsi daha vacibdir”.
Aytən ƏLİYEVA