Modern.az

Sülhəddin Əkbər: “Rəsul Quliyev bu haqda mənə heç nə deməyib”

Sülhəddin  Əkbər: “Rəsul Quliyev bu haqda mənə heç nə deməyib”

4 İyun 2012, 18:41

Azərbaycanda axtarışda olan sabiq deputat, hazırda İngiltərədə yaşayan Rza İbadovun eks-spiker Rəsul Quliyevlə bir araya gəlməsi haqda məlumat yayılıb.

Modern.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərlə əlaqə saxlayıb. S.Əkbər bu haqda yayılan xəbəri təkzib etməsə də, heç bir məlumatı olmadığını bildirib.

Partiya sədri qeyd edib ki, Rəsul Quliyevlə mütəmadi olaraq əlaqə saxlasa da, ona bu haqda məlumat verilməyib:

 “Mənim bu haqda heç bir məlumatım yoxdur. Bu yaxınlarda Rəsul bəylə də görüşmüşəm, mənə heç nə deyilməyib. Məlumatım olmadığı  üçün heç nə deyə bilmərəm”

 S.Əkbər partiya sədri kimi ilk görüşünü AXCP sədri Əli Kərimli ilə keçirməsini belə izah edib. “Mən partiya sədri seçildikdən sonra ilk növbədə KXCP sədri Mirmahmud Mirəlioğlu ilə görüşmüşəm. Onun rəhbəri olduğu partiya ilə biz eyni blokdayıq. Blokdan kənar ilk görüşüm AXCP sədri Əli Kərimli ilə baş tutdu. Bunun səbəbi odur ki, partiyamız AXCP-yə əsas strateji müttəfiq kimi baxır. Bizim fikirlərimiz onlarla demək olar ki üst-üstə düşür. Bu baxımdan partiya sədri kimi ilk görüşümü Əli Kərimli ilə keçirtdim”.

 ACP sədri yaxın günlərdə Müsavat başqanı İsa Qəmbərlə də görüşmək istədiyini vurğulayıb. S.Əkbərin sözlərinə görə, Müsavat başqanı ilə görüşün vaxtı bəlli olmasa da, bu istiqamətdə danışıqlar aparılacaq.

“Qeyd edim ki, yaxın günlərdə digər partiya liderləri ilə də görüşlər keçirməyi planlaşdırıram. O cümlədən Müsavat Partiyasının sədri ilə də görüşmək niyyətim var. Görüşün nə zaman olacağını dəqiq deyə bilmərəm. Bu istiqamətdə danışıb razılaşacağıq”-deyə S.Əkbər qeyd edib.

Anar RÜSTƏMOV    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir