Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai birliyinin ofisində millət vəkili Flora Qasımova qalib tələbələrlə görüşüb, onları təbrik edib, ətraflı fikir mübadiləsi aparıb, sonda tələbələrə mükafatlarını təqdim edib. Deputat təqdim etdiyi “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusu ilə əlaqədar göndərilmiş məqalələr içərisindən 3-nü yüksək yerlərə layiq görüb.
Azərbaycan Müəllimlər İnstitutunun III kurs tələbəsi Maviyə Fərhadlı müsabiqədə birinci yerə layiq görülüb.Qalib noutbukla mükafatlandırılıb.II və III yerləri isə Odlar Yurdu Universitetinin 1-ci kurs tələbəsi Günay İmanova və Bakı Slavyan Universitetinin 1-ci kurs tələbəsi Aysel Paşazadə tutub.Hər iki qalibə fotokamera verilib. Təqdimat zamanı Qarabağ haqqında fikirlərini bölüşən deputat göz yaşlarına hakim ola bilməyib və bildirib ki, Qarabağı ancaq Qarabağa belə münasibəti olan gənclər azad edə bilər.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov da qalib tələbələri təbrik edib, heç vaxt olmadıqları Şuşanı belə təsvir edib, qələmə aldıqları üçün onlarla fəxr etdiyini deyib. Qeyd edək ki, Modern.az saytının başladığı “Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində deputatlar Vahid Əhmədov, Jalə Əliyeva, Elmira Axundova, Qənirə Paşayeva, Rəbiyyət Aslanova iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.
|
|
|
|
|
|
|