Prezident İlham Əliyev Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında iştirak edib. Modern.az Prezidentin internet saytına istinadən xəbər verir ki, sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunub.
Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artıb.
Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılıb. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulub. Prezident İlham Əliyev sərgi və konfransın açılış mərasimində çıxış edib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman isə Baş nazir Deyvid Kemeronun təbrik məktublarını oxuyublar. Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub. Sonra dövlət başçısı fəxri qonaqlar kitabını imzalayıb.
Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzulayıb.