Modern.az

Politoloq: “Klintonun o fikirlərinin arxasında gizli maraqlar dayanır”

Politoloq: “Klintonun o fikirlərinin arxasında gizli maraqlar dayanır”

5 İyun 2012, 14:23

“Hillari Klintonun  Azərbaycana səfəri Qarabağ probleminin həllində müsbət dönüş yarada bilər”. Bu fikirləri politoloq Qabil Hüseynli ABŞ dövlət katibi Hillari Klintounun sabah Azərbaycana edəcəyi səfəri Modern.az-a şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Klintonun Ermənistanda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinin zəruriliyi barədə səsləndirdiyi fikirlərin arxasında gizli maraqlar dayanır.

“Həmin görüşlərdə ABŞ Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini irəli sürür. Klintonun Qarabağla bağlı bu cür çıxışının başqa mənası var. Hesab edirəm ki, ABŞ-ın Qarabağ məsələsində mövqeyi əvvəlki illərdən fərqli olaraq müsbət istiqamətdə dəyişilib. Azərbaycan özünün müdafiə sisteminin gücləndirilməsinə külli miqdarda pul ayırsa da, görünür ABŞ münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, Klintonun Bakı səfəri bu istiqamətdə müsbət nəticələrə gətirib çıxaracaq”-deyə Q.Hüseynli qeyd edib.

ABŞ rəsmisinin Qafqaza səfərini müsbət qiymətləndirən Q.Hüseynli vurğulayıb ki, Klinton Azərbaycana səfərində İran məsələsinə də mütləq toxunacaq. Politoloqun fikrincə, Bakıda keçiriləcək rəsmi görüşlərdə ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri də bir daha müzakirə olunacaq:

“Bir daha qeyd edim ki, bu səfər əvvəlki səfərlərdən fərqli olaraq çox əhəmiyyətli olacaq. Amerika ilk dəfədir ki, bizə müdafiə xarakterli olsa da, silah satmağa icazə verdi. Bunun özü müsbət addımdır. Amerikanın Dağlıq Qarabağ probleminin həllinə münasibəti köklü şəkildə dəyişməyə başlayıb. Bu özünü Çikaqo sammitində büruzə verdi. Yəni, Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qəbul edilir. Erməni təcavüzünü dillərinə gətirməsələr də, Azərbaycan torpaqlarının ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini qəbul edirlər. Biz bu görüşlərdə çalışmalıyıq ki, Qarabağ probleminin həllinə Amerikanın diqqətini çəkib Ermənistanın təcavüzkar olduğunu sübut edək.
Öncə görüşlərdə Azərbaycanla strareji tərəfdaşlıq məsələləri müzakirə ediləcək. Bu müzakirələrdə Azərbaycanın istər cənubdan, istərsə də şimaldan olsun, bəzi təhlükələrdən qorumaq məsələsi gündəmə gətiriləcək. Xüsusən də İran məsələsi ətrafında müzakirələrin aparılacağı gözlənilir. Bu konteksdə Azərbaycan üçün bu səfər uğurlu olacaq”.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Ermənistana səfərini başa vurduqdan sonra Gürcüstana gedib. ABŞ rəsmisinin Azərbaycana səfəri sabah başlayacaq.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir