Millət vəkili Qənirə Paşayeva Afinada gələn il Dünya Qadın Sammitinin keçirmək hüququnu qazanan Malaziyanın rəsmi nümayəndə heyəti ilə görüşüb. Deputat görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Malaziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Q.Paşayeva Daglıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat sammit çərçivəsində keçirilən görüş zamanı Malayziya nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
Malaziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da surətlənəcəyinə inam vurğulanıb.
Millət vəkili Qənirə Paşayeva Malayziya nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib.
Modern.az