“Ayaz Mütəllibov heç vaxt müstəqil Azərbaycanın prezidenti olmayıb...”.
Bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı iyunun 12-də Milli Məclisdə müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsinə münasibət bildirərkən deyib. Sözügedən sənədin Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibova şamil edilməsindən narazıolan deputat etiraz edib:
“Mənim bu qanun layihəsinə münasibətim dəyişməz olaraq qalır. Bu qanunun qəbul edilməsini prinsip etibarı ilə müsbət qiymətləndirirəm. Lakin mən həmin sənədin Ayaz Mütəllibova tətbiqinin tamamı ilə əleyhinəyəm.
İlk növbədə Ayaz Mütəllibovun üzərindəki cinayət işi götürülməmələlidir. O, öz əməllərinə görə cavab verməlidir. Bundan sonra məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Ondan sonra eks-prezidentlər haqqında qanunun ona tətbiq edilib-edilməyəcəyi məlum ola bilər”-deyə millət vəkili vurğulayıb.
F.Ağamalı bildirib ki, Ayaz Mütəllibov müsatəqil Azərbaycanın prezidenti olmadığı üçün sözügedən qanun layihəsi ona şamil edilmələlidir:
“Mən dəfələrlə demişəm və indi də deyirəm ki, Ayaz Mütəllibov Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti olub. O müstəqil Azərbaycan Respublikasının prezidenti olmayıb. Sovet zamanında bu adam hətta Müstəqillik haqqında Konstitutsiya aktınının qəbul edilməsindən öncə prezident seçilib.
Mən bu baxımdan bəhs etdiyimiz qanunun Ayaz Mütəllibova şamil olunmasını doğru saymıram. Bu mənim mövqeyimdir. Eyni zamanda ona şamil edilən müddəanın da əleyhinə səs vermişəm”.
Qeyd edək ki, Milli Məclisin iyunun 12-də keçirilən plenar iclasında eks-prezidentlər haqqında qanunu sonuncu dəfə müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.
Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.
Eks-prezidentlərdən yalnız Ayaz Mütəllibov sağdır və Moskvada yaşayır.
Anar RÜSTƏMOV