Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə bildirib ki, Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda buraxılış imtahanları 11-ci siniflər üçün iyunun 8-də saat 10.00-da, 9-cu siniflər üçün saat 15.00-da keçiriləcək.
11-ci siniflər üçün keçiriləcək imtahanda rayonlarda ümumilikdə 32 imtahan mərkəzi açılıb. İyunun 8-də cəmi 10 692 11-ci sinif şagirdi iştirak edəcək.
İyunun 8-də 9-cu siniflər üçün ümumilikdə 36 imtahan mərkəzi yaradılıb. Həmin gün 17226 nəfər imtahanda iştirak edəcək.
Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda buraxılış imtahanları iyunun 13-də, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də, Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyunun 24-də, Lənkəran, Astara, Masalı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da keçiriləcək.
Eksternat qaydada və səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər isə iyulun 4-də buraxılış imtahanı verəcəklər.
Mail Ağaxanov