İyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi ilə tanış olub.
Modern.az AzərTAc-a istinadən bildirir ki, Klintona məlumat verilib ki, sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artmışdır. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam milli neft şirkəti də iştirak edir.
ABŞ-ın dövlət katibinin diqqətinə çatdırılıb ki, ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılıb. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulub. Sərgiyə olan daimi marağı sübut edən əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edir.
Bildirilib ki, bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir.
H.Klinton Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) stendi ilə tanış olub.