Modern.az

Nazim Məmmədov: “Azərbaycan xaricdəki maliyyə vəsaitlərini geri çəkmək imkanından məhrumdur”

Nazim Məmmədov: “Azərbaycan xaricdəki maliyyə vəsaitlərini geri çəkmək imkanından məhrumdur”

Təhsil

6 İyun 2012, 18:36

“Ehtiyatımız çox olsa da, Azərbaycan vətəndaşları bunu öz həyatında hiss edə bilimirlər”

Bu gün Azərbaycanın valyuta ehtiyatları Dövlət Neft Fondunda toplanmış vəsaitlər və Mərkəzi Bankın rezervlərindən ibarətdir.

Modern.az-a valyuta ehtiyatından istifadə qaydaları və saxlandığı yerlər haqqında danışarkən iqtisadçı-ekspert Nazim Məmmədov bildirib ki, ölkənin valyuta ehtiyatının əsas hissəsi xarici maliyyə institutlarında bu və ya digər formada saxlanılır. Onun sözlərinə görə, Neft Fondunun əsasnaməsinə keçən ilki dəyişikliklərə uyğun olaraq, Azərbaycanın valyuta ehtiyatının əsas hissəsi – 50%-i dollarda, 40%-i avroda, 5%-i funt sterlinqdə, digər 5%-i isə digər valyutalarda saxlanılır: “Əsasnaməyə edilən dəyişikliyə görə, bu və ya digər formada qızıl ehtiyatlarının artırılması ilə bağlı maddə salındı. Bu dəyişik Dövlət Neft Fonduna öz vəsaitlərini həm də qızılla saxlamağa imkan yaratdı. Valyutaların hansı ölkələrdə saxlanmağına gəlincə, vəsaitlər Avropa və Amerika bazarlarında yerləşdirilib. Prezidentin çıxışında göstərildi ki, Azərbaycanın ölkədən kənarda 40 milyardan yuxarı valyuta ehtiyatı var. Amma rəsmi rəqəmlər gündəlik dəyişir. Çünki Azərbaycan sutkada 1 milyon barel neft ixrac edir. Bu hesabla isə ölkənin gündəlik gəliri 80  milyon dollara yaxındır. Hesablamalara görə, bu, ildə 29 milyard dollar vəsait edir. Vəsaitin yarısını Dövlət Neft  Fondundan dövlət büdcəsinə transfertlər edirik, qalanı isə yığıma gedir”.

Ekspert onu bildirib ki, həmin valyuta ehtiyatının xarici banklardan götürülməsi məsələsi bir az qəlizdir. Çünki onlar yerləşdirilən zaman uzunmüddətli strategiya əsasında qoyulur: “Məsələn ehtiyatlar 10, 15 bəzən də daha uzun müddətə yerləşdirilir. Yerləşdirən tərəf Azərbaycandırsa, bu vəsaitləri istədiyi vaxt geri çəkmək imkanından məhrumdur. Çünki müqavilənin şərtləri o qədər dəqiqdir ki, bu vəsaitləri tez bir zamanda götürmək mümkün deyil. Vaxtilə müəyyən təkliflə çıxış etmişdik ki, Mərkəzi Bank heç olmasa özündə olan rezervləri bu və ya digər formada Azərbaycanda saxlanılmasını təmin edə bilsin. Bu da kredit bazarında ajiotajı aşağı salmağa imkan yaradacaqdı. Çünki əvvəllər Mərkəzi Bankın buna səlahiyyəti çatmırdı. Həm də xarici valyutanı yalnız ölkədən kənarda yerləşdirə bilirdi. Amma indiki dəyişiklik onu göstərdi ki, Mərkəzi Bankın bu hüququ var. Bu səlahiyyət Mərkəzi Banka valyutanı həm manatda, həm də xarici valyutada ölkə daxilində saxlamağa imkan verir. Mərkəzi Bank kommersiya banklarına bunları depozit şəklində oturda bilər. Əfsus ki, hələ ki, bunun şahidi ola bilmirik”.  

Maliyyə resurslarının çatışmazlığını əsas səbəb kimi vurğulayan ekspert  qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları 40 milyard dollardan çox olsa da, Azərbaycan vətəndaşları bunu öz həyatında  hiss edə bilmirlər. Çünki istehlak kreditləri 30 faizdən yuxarıdır.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir