Modern.az-ın məlumatına görə, iyunun 8-də futbol üzrə Avropa Çempionatının möhtəşəm açılış mərasimi keçirilib. Təntənəli açılış mərasimində tarixdə ilk dəfə Mərkəzi və Şərqi Avropanın ərazisində keçirilən Avropa çempionatının başlandığı elan olunub.
Mərasimdə iştirak edən VIP qonaqlar arasında UEFA prezidenti Mişel Platini, Ukrayna Prezidenti Viktor Yanukoviç, Polşa Prezidenti Bronislav Komorovski, Polşanın keçmiş prezidenti Lex Valensa, Avropa Parlamentinin sabiq prezidenti Yeji Buzek, Avropa parlamentinin vitse-prezidenti Yatsek Protaseviç və başqaları da olub.
Mərasimdə Azərbaycandan AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədov da iştirak edib.
Rəsmi açılış mərasimindən sonra turnirin ik oyunu Polşa və Yunanıstan yığmaları arasında keçirilib. Matçda Polşa futbolçuları 17-ci dəqiqədə hesabı açaraq çempionatın ilk qoluna imza atıblar.
Polşa yığmasının heyətində birinci qolu Levandovski vurub. Birinci hissənin sonunda 2 sarı vərəqə almış yunan futbolçu Papastatopulos meydançadan qovulub. İkinci hissənin 51-ci dəqiqəsində yunanlar hesabı bərabərləşdirə biliblər. Salligidisun vurduğu qola oyun heç-heçə (1:1) başa çatıb.
Günün ikinci qarşılaşmasında isə Rusiya və Çexiya milliləri qarşılaşıblar. Fasiləyə 2:0 hesabı ilə üstün yollanan ruslar ikinci hissədə daha iki dəfə fərqləniblər. Çexlər yalnız bir qol vura biliblər - 4:1.