Uzun müddətdir ki, Goranboy rayonunda çox qəribə bir məqam yaşanılır. Biz yazırıq, ola bilsin ki, oxucular buna inanmasın. Amma inanmaları lazım. Çünki bu, bir gerçəklikdir.
Rayonun Qaraçanar kəndi Meşəli və Şəfəq kəndlərinin arasındadır. Hər üç kənd Ağcakəndə gedən yolun kənarında yerləşir.
Meşəli və Şəfəq kəndləri mavi yanacaqla təmin olunsalar da Qaraçinar bundan məhrumdur. Sakinlər kəndin içindən keçən qaz kəmərinə ancaq baxa bilirlər.
Modern.az saytının əməkdaşı ilə söhbətlərində nə səbəbdən özlərinə ögey münasibət göstərildiyini deyə bilməyiblər.
Onu da qeyd edək ki, bu kəndin sakinlərinin 90 faizindən çoxunu məcburi köçkünlər təşkil edir.
Əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə zəng vurduq. Komitə rəsmisi Elçin Qədimov bu məsələnin onlara aiddiyyatı olmadığını bildirdi. Onu da əlavə etdi ki, belə məsələləri öyrənmək üçün ancaq Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilərsiniz. Biz də öz növbəmizdə Goranboy Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsi ilə əlaqə saxladıq.
Şöbənin məsləhətçisi Samir Qocayev sualımızı cavablandırarkən bildirdi ki, bu məsələdən xəbərdardırlar və kəndə qaz veriləcək: “Qaraçinar kəndində qaz xətti çoxdandır ki, var, hazırda işlər aparılır. Sizi tam əmin edə bilərik ki, ilin sonuna kimi kənd qazla təmin olunacaq”.
Rayon İcra Hakimiyyətindən ətraflı məlumat ala bilmədiyimiz üçün “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayası olduq.
Qurumun mətbuat katibi Araz Ağayev bildirdi ki, 2012-ci ilin sonuna kimi kəndə qaz veriləcək. “Bəs, indiyə kimi, qaz kəmərinin buradan keçməsi, ətraf kəndlərdə qazın olmasını, bu kənddə isə işlərin hələ də yubadılmasının səbəbi nədir?” sualına “Azəriqaz”-ın rəsmisi belə cavab verdi: “Layihədə əvvəlcə nəzərdə tutulmuşdu ki, kəndə politrenlə borular çəkilsin. Lakin küçələrin darlığı və kənddəki su, kommunikasiya xətlərinin sıx və nizamsız olması ilə əlaqədar olaraq, məcburən layihəyə yenidən baxıldı. Yubadılmaya da səbəb bunlardır. Artıq bu yeni layihə üzərində də iş tamamlanmaq üzrədir. Demək olar ki, yeni layihə tamamlanıb. 2012-ci ilin sonuna kimi kənd qazla təmin olunacaq. Yeni layihəyə əsasən qaz politrenlə yox, dəmir borularla çəkiləcək”.
Nihadə Eyyubova
P.S. Qaçqınlar məmurların indiki açıqlamalarına inanmırlar. Deyirlər ki, belə cavabları hər gün eşidirlər. Bununla bağlı kənddə heç bir iş görülmür.