Bu gün Milli Məclisin növbədənkənar sessiyaının ilk iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda “Kommersiya sirri haqqında” qanuna dəyişikliyi nəzərdə tutan sənədin müzakirəsi zamanı deputatlar arasında ciddi mübahisə yaşanıb. Bir qrup millər vəkili hər hansı şirkətin təsisçisinin adının, pay sahibinin kommersiya sirri hesab edilməsinə qarşı çıxıb və dəyişikliyi nəzərdə tutan sənədin analoqu olmadığını bildirib.
Məsələ ilə bağlı izahat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə özünü dolaşıqlığa salıb. O, qeyd edib ki, bu məsələ ilə bağlı Prezident Administrasiyası ilə əlaqə saxlayıb: “Onu qeyd edim ki, 2001-ci ildə qəbul edilmiş bu sənəd biznes mühitinin öyrənilməsi üçün kifayət qədər əsas verir. Mən məsələ ilə bağlı Prezident Administrasiyası ilə əlaqə saxlamışam və ordan icazə almışıq (?), bu sənədə bir də baxacağıq. Ancaq burada beynəlxalq təcrübəni misal çəkdilər ki, heç bir xarici ölkədə belə bir praktika yoxdu. Mənim əlimin altında Qazaxıstana aid sənədlər var. Qazaxıstanda bu məsələ ilə bağlı daha sərt qanun qəbul olunub”.