Modern.az

Südabə Sərvi Mirşahin Ağayevi ittiham etdi: “Bir ziyalı kimi qürurumla oynadılar”

Südabə Sərvi Mirşahin Ağayevi ittiham etdi:  “Bir ziyalı kimi qürurumla oynadılar”

Təhsil

13 İyun 2012, 16:38

ANS Şirkətlər Qrupuna məxsus “El” jurnalının şef-redaktoru Südabə Sərvi növbəti dəfə işdən çıxarılıb. Bununla bağlı Modern.az-a danışan Südabə xanım işdən çıxarılmasını belə izah edib:

“Keçən həftə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin xahişi ilə yenidən ANS şirkətlər qrupunda “El” jurnalına şef redaktor vəzifəsinə bərpa olundum. Mirşahin Ağayev şəxsən özü mənə zəng etdi, həmin vaxtı doğulduğum Göyçay şəhərində idim. Dedim ki, həftənin birinci günü işdə olacam. Həftənin birinci günü işə gəldim və gördüm ki, orada mənə qarşı münasibət yaxşı deyil. Həftənin üçüncü günü mənə çatdırdılar ki, Mirşahin müəllim deyir ki, onun işinə yenidən xitam verilib. Soruşdum ki, nəyə görə? Dedilər ki, yenə də reqlamenti pozmusan. Guya o məni işə bərpa edəndən sonra yenə harasa müsahibə vermişəm. Halbuki, mən müsahibə verməmişdim. Sadəcə işə bərpa olumağım haqqında təşəkkür yazmışdım”.  

Südabə Sərvinin sözlərinə görə, Mirşahin Ağayev onu işdən çıxaranda işi ilə bağlı irad tutmayıb:

“İşimdə bunların heç bir narazılığı olmayıb. İki il bundan əvvəl ora gələndə jurnalın reytinqi çox aşağı idi. Məni qəbul etdilər və dedilər ki, “nə edirsiniz, edin jurnalın reytinqini qaldırın”. Əlbəttə, yazıçı kimi özümə arxayın idim. Demək olar ki, sıfırdan başladım və tamamilə başqa bir üslubda jurnalda fəaliyyət göstərdim. Yazıçı təxəyyülüm ilə bir qədər başqa tərzdə işlədim. İşim göz qabağındadır ki, jurnalın reytinqi xeyli qalxdı. Yerli dövlət qurumlarından və hətta ABŞ-dan zəng edib yazılara görə təşəkkür edirdilər. Bu boyda əziyyətimi, zəhmətimi bir dəqiqə ərzində yerə vururlarsa, bu insanın hisləri ilə oynamaqdır. İndi düşünürəm ki, işçinin əməyindən razı olub, onun verdiyi müsahibəyə görə, işindən uzaqlaşdırırlarsa, orada hansı ədalət prinsiplərindən danışmaq olar. Təkbaşına 3 uşaq ilə kirayədə qalan qadınam. Anlaya bilmirəm ki, qadının qüruru ilə oynayıb, kefi istəyən vaxtı işə bərpa edib, kefi stəyəndə də işdən azad edən insan millətə hansı ədalət dərsi keçir. Müsahibəyə görə işdən çıxarmaq heç bir qanuna və insaniyyətə xas olan cəhət deyil”.

S.Sərvi xüsusi olaraq bir nüansı qeyd edəcəyini deyib. Onun sözlərinə görə, Mirşahin Ağayev Anar müəllimə hörmətsizlik edib:

“Əgər Mirşahin Ağayevin Anar müəllimə hörməti var idisə, onda nəyə görə Anar müəllimin xahişini yerinə yetirmədi. Anar müəllimin xahişinə bu şəkildə yanaşdı. Onun Anar müəllimə hörməti var idisə, nəyə görə, İradə İsaqın “Xəbərin İzində” verilişində yazıçıların ev davasını, AYB-nin ünvanına söylənilən ittihamları efirə verdi. Halbuki, bu da AYB-nin sədri üçün bir zərbə idi. İki ay idi orada işləyirdim. ANS rəhbərliyinə təqdim etdiyim növbəti iş planını Vahid müəllim şirkətdə olmadığı üçün Mirşahin Ağayev təsdiqləmişdi. Vəfat etmiş məşhur bir yazıçının adının üstündən xətt çəkərək, onun yerinə Aqşin yazdı. Düzü elə başa düşdüm ki, bu Aqşin Babayevdir. Sonradan məlum oldu ki, bu gənc şairdir və onu heç tanımırdım. Baxdım ki, müsahibədə AYB-nin və onun sədrinin ünvanına kəskin sözlər işlədib. Yazını kəsib doğradım. Lakin çox balaca yazı alındı və onu çıxartmaq üçün Vahid müəllimlə razılaşdım. Amma buna baxmayaraq həmin vaxt Mirşahin Ağayev gəldi və dedi ki, o yazı gedəcək. Həmin vaxt problemlərim olduğuna görə, çətin vəziyyətdə idim və bunu çevirə bilməzdim. Həmin yazıya görə, Anar müəllim bir müddət məndən incik düşdü”.

S.Sərvi işdən çıxmağına görə, qətiyyən peşman olmadığını bildirib. O, bundan sonra istirahət etmək fikirində olduğunu deyib:

“Əksinə düşünürəm ki, bəzi insanların yalançı maskaları yırtıldı və maskanın altından onların əsl sifətlərini gördüm. Bu gündən sonra brilliant versələr də, ora işə qayıtmaram. Onlar bir ziyalı kimi qürurumla oynadılar. Sadəcə bundan sonra istirahət edəcəm. Sonra bədii yaradıcılıqla məşğul olacam. Bir Milli Qəhrəmanımızın yaxınlarının xahişi ilə kitab üzərində işləyirəm. Bu adam kəşfiyyatçı olub və böyük qəhrəmanlıqlar göstərib. Onun haqqında kitab çıxmayıb, bu çıxsa, ilk kitab olacaq”.

Modern.az qarşı tərəfin səsləndirilən ittihamla bağlı mövqeyini öyrənmək istəsə də, ANS-ə etdiyimiz zəngləri Mirşahin Ağayevlə calaşdırmadılar...

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!