Dünən polis tərəfindən saxlanılan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov bu gün axşam sərbəst buraxılıb.
Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanmışdı. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Fotojurnalist Mehman Hüseynov özü isə saxlanılmasını «Eurovision» ərəfəsində «Demokratiya naminə oxu» kampaniyasında iştirakı ilə əlaqələndirmişdi.
Məlumata görə, gənc reportyorun üzərindən həbs qəti imkan tədbiri götürülsə də, cinayət işi hələki saxlanılıb.
Polis isə iddia edir ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib.