Modern.az

Əhliman Əmiraslanov: ““Xərçəng” sözünü eşidəndə insanlara elə gəlir ki...”

Əhliman Əmiraslanov: ““Xərçəng” sözünü eşidəndə insanlara elə gəlir ki...”

25 İyun 2012, 11:27

Onkoloji xəstələrin sayına görə MDB məkanında orta pillədəyik

Ölkəmizdə də onkoloji xəstələrin sayı durmadan artır. Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Modern.az-a bildirib ki, bütövlükdə, onkoloji xəstələrin sayı ilbəil artır. “Artım göz qabağındadır. Ən çox da kişilər arasında ağciyər, qadınlar arasında isə süd vəzi xərçəngi. MDB məkanında onkoloji xəstəliklərin artım tempinə görə orta yerdəyik”.

Ə. Əmiraslanovun sözlərinə görə, Azərbaycanda kişilər arasında yayılan ağciyər xərçəngi üzrə hər yüz minə 40 xəstə təşkil edir. “Elə ölkələr var ki, orada bu rəqəm hətta 50 nəfəri keçir. Süd vəzi xərçəngində isə bu rəqəm 50-yə yaxındır. Amma bu o demək deyil ki, Azərbaycanda onkoloji xəstələrin sayı başqa ölkələrə nisbətən azdır”.

Akademik qeyd edib ki, xəstəliklə bir neçə istiqamətdə mübarizə aparılır. “Birinci profilaktik tədbirlərdir. Profilaktik tədbirləri görməklə, bu xəstəliklərin bütövlükdə, əmələ gəlməsinin qarşısı alınır. Bu, dünya onkoloqları, dünya ictimaiyyəti qarşısında duran əsas məsələdir. İkinci bir məsələ odur ki, xəstəliyi ilk mərhələdə  aşkara çıxarda bilsək, xəstələri tam müalicə edib,  sağalda bilirik. Ən böyük problem gecikmiş mərhələdə xəstələrin müalicəsidir. Bu xəstələrə real kömək etmək mümkün deyil. Bir faktı deyim ki, əhali arasında bu bədxassəli şişlər çox böyük qorxu yaradan bir xəstəlikdir. Eşidəndə ki, bu xəstə xərçəngdir və insanlarda belə bir fikir yaranır ki, bu xəstənin taleyi həll olundu. Əslində, bu belə deyil”. 

Rektor qeyd edib ki, bədxassəli şişlər çox təsadüf olunan xəstəlik forması olsa da, əhali arasında ən çox tələfat verən bir patologiya deyil. “Ürək-damar patologiyası, bütövlükdə bütün ölümlərin 62%-inə  səbəb olur. Bədxassəli şişlər səbəbindən dünyada dünyasını dəyişənlərin sayı təxminən 11-12%-dir. Burada böyük bir fərq var. Bu yenə də dünyanın ən böyük problemidir. Bu sahədə çox böyük uğurlar əldə olunub. Əgər 30-40 il bundan qabaq həkimlər bədxassəli şişlərə düçar olmuş xəstələrin dünyada yalnız 30%-ini  müalicə edə bilirdisə, bu rəqəm indi artıq 50%-i keçib. İndi dünyada bəd xassələrə düçar olmuş xəstələrin ikisindən biri sağalır”, – deyə Ə.Əmiraslanov bildirib.  

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi