Modern.az

Umud Rəhimoğlu BMT-nin baş qərargahında toplantı keçirəcək

Umud Rəhimoğlu BMT-nin baş qərargahında toplantı keçirəcək

2 İyul 2012, 17:16

İyulun 2-9-da Nyu-York şəhərində, BMT-nin Baş Qərargahında BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) “Minilliyin məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində  kasıbçılığın aradan qaldırılması üçün bacarıqların və faydalı işlərin dəstəklənməsi” adlı Yüksək Səviyyəli Toplantısı keçiriləcək. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, BMT-nin Baş Katibi Pan Ki Munun, BMT-nin müxtəlif agentliklərinin, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin də qatılacağı toplantının məqsədi icmanın inkişaf məsələləri sahəsində çalışan donor və tərəfdaşların bir araya gətirilməsindən, ən yaxşı təcrübəni bölüşmək yolu ilə icmalarda kasıbçılığın aradan qaldırılması üçün şəbəkənin gücləndirilməsinə dəstək olmaqdan və üstünlük verilən ərazilərin müəyyənləşdirilməsindən ibarətdir.
ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində müxtəlif müzakirələr olacaq, tədbirlər keçiriləcək. O, BAMF-ın 3 iyul 2012-ci ildə  ECOSOC-un Yüksək Səviyyəli Toplantısında “Dayanıqlı və əsaslı inkişaf istiqamətində işləyən donor və tərəfdaşların toplantısı” adlı tədbir keçirəcəyini də deyib: “Bir nüfuzlu beynəlxalq təşkilat olaraq BAMF yüksək səviyyəli tədbirə qatılmaq və təşkilatın adının toplantının gündəliyinə salınması üçün ECOSOC-a yazılı bəyanatla müraciət etmişdi. Bizim müraciətə cavab olaraq BMT-nin İqtisadi və Sosial Şurasının QHT Bölməsi məmnuniyyətlə bildirmişdir ki, ECOSOC-un 2012-ci il Yüksək Səviyyəli Toplantısına dəstək olmaqda BAMF-ın göstərdiyi maraq böyük razılıq hissi doğurmuş, təşkilatın Bəyanatı 6 dilə tərcümə edilərək ECOSOC-un 2012-ci il Yüksək Səviyyəli Toplantısının bütün iştirakçılarına paylanmaq üçün təsdiq olunmuşdur. Bəyanatda müharibədən zərər çəkən insanlar  və əhalinin yaşayış səviyyəsi aşağı olan təbəqəsi arasında kasıbçılığın aradan qaldırılması istiqamətində BAMF-ın müxtəlif istiqamətdə gördüyü işlərdən və qarşıya qoyduğu strateji məqsədlərdən söz açılır”.

U.Rəhimoğlu BMT-nin İqtisadi-Sosial Şurasının QHT bölməsi tərəfindən 3 iyul 2012-ci ildə keçiriləcək iclasda BMT agentliklərinin, ECOSOC və onun bölmələrinin, beynəlxalq və yerli QHT-lərin, beynəlxalq donor təşkilatların nümayəndələri ilə bir araya gəlməkdə, onların görüşünün keçirilməsində BAMF-a əlverişli imkan yaradıldığını və bunun çox əhəmiyyətli bir hadisə olduğunu da deyib: “Həmin gün BAMF tərəfindən BMT-nin Baş Qərargahında 3 saat davam edəcək, 70 nəfərin iştirakı nəzərdə tutulan “Dayanıqlı və əsaslı inkişaf istiqamətində işləyən donor və tərəfdaşların toplantısı” adlı tədbir keçiriləcək. Bu toplantı Azərbaycanın vətəndaş cəmiyyəti tarixində ilk və çox önəmli bir hadisədir. Toplantıda BAMF-ın BMT agentlikləri ilə, donor təşkilatlarla, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq və tərəfdaşlıq əlaqələri sayəsində əldə etdiyi uğurlar barədə iştirakçılara məlumat veriləcək, gələcək prioritet vəzifələrin yerinə yetirilməsi yolları müzakirə olunacaq. Bu tədbirdə BMT İP, YUNİSEF, BMT İİD, BMT QAK, ABŞ Dövlət Departamenti, ABŞ-ın BMT-dəki missiyası,  QHT-lər Komitəsi (CoNGO) təmsilçiləri də iştirak edəcəkdir”.

Azərbaycandan bu mötəbər tədbirə onunla yanaşı millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının nümayəndəsi Məhəmməd Məhərrəmov, təşkilatın beynəlxalq fəxri məsləhətçisi, Azərbaycan Diplomatik Akademiyasının İnsan Resursları və Tədbirlərin Təşkili Departamentinin direktoru Lütfül Kabir, BAMF-ın proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa, sədrin köməkçisi və tərcüməçi Nəzakət Ağayeva, eləcə də BMT-nin Azərbaycandakı İctimai İnformasiya Departamentinin rəhbəri xanım Envera Selimoviç qatılacaqlar. Bu tədbirdə Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev və səfirliyin nümayəndələri də yaxından iştirak edəcəklər.

Toplantıda BAMF “Kooperativ və Kommunal kənd təsərrüfatı icmalara dəstəyin göstərilməsi və güclü kasıbçılığın aradan qaldırılması vasitəsi” mövzusunda təqdimat edəcək.

Tədbirdə ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramovun, A.Mehdiyevin, Q.Paşayevanın və M.Məhərrəmovun çıxış edəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, BAMF 2007-ci ildən ECOSOC-un məşvərətçi statuslu üzvüdür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək