Həkim: “Daha çox allergiya, ağrıkəsici, tək-tək yuxu dərmanları, antibiotik kimi dərmanlar zəhərlənmə verir”
Son günlər dərman preparatlarından zəhərlənmə hallarının sayı kəskin şəkildə artıb. Dərmandan zəhərlənmə faktları ilə dünyasını dəyişən vətəndaşlar da az deyil. Ölənlərin arasında azyaşlı uşaqların olması isə məsələnin ciddiliyindən xəbər verir.
Mərkəzi Tibbi Klinikanın toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, ötən il bu rəqəm 98 olmuşdusa bu ilin altı ayı ərzində 86 nəfər dərmandan zəhərlənib. Zəhərlənənlərin əsas hissəsi 20-30 və 45-50 yaş arasında olanlardır. Onlar arasında həyatını itirənlər də var. Belə ki, ruhi xəstə təyin olunmuş dərmanlarını həddindən artıq qəbul etdiyinə görə, dünyasını dəyişib.
Şöbə müdirinin sözlərinə görə, dərman preparatlarından zəhərlənənlər arasında 8 azyaşlı da var: “Əsasən uşaqların nəzarətsiz saxlandığı vaxt belə zəhərlənmələr baş verir. Daha çox allergiya, ağrıkəsici, tək-tək yuxu dərmanları, antibiotik kimi dərmanlar zəhərlənmə verir. Odur ki, dərman vasitələrinin qəbulu zamanı diqqətli olmaq lazımdır”.
Modern.az-a açıqlamasında terapevt Surxay Musayev də dərmandan zəhərlənmələrin sonradan ağır fəsadlar verməsini təsdiqlədi. O, belə hallar maddələr mübadiləsinə, mərkəzi sinir sisteminə, qan dövranına təsir edir: “Təbii ki, dərman zəhərlənmələri müxtəlif olur. Belə hallar tam təsadüf nəticəsində də ola bilər. Xəstə dərmanın miqdarını bilmir, ya da kənar bir şəxsdən tövsiyə olunan dərmanı qəbul edir. Belə olan halda dərman zəhərlənmə verir. Çünki dərman şəfa olmaqla yanaşı, həm də zəhərdir. Kortəbii olaraq dərman qəbulu sonradan fəsadlar törədir. Bu da son olaraq həmin insanın zəhərlənməsinə gətirib çıxarır. Bəzən isə belə zəhərlənmələr bilərəkdən baş verir. Hər hansı mübahisədən, münaqişədən insan dərman preparatları qəbul olunur. Bütün hallarda dərmanın qrupundan asılı olaraq zəhərlənmə mərkəzi sinir sistemini, ürək-qan damar, qaraciyər, böyrəyə öz mənfi təsirini göstərir. Hətta zəhərlənmə aradan qaldırılsa belə onun ciddi fəsadları orqanizmdə uzun müddət qalır. Zəhərlənmə orqanları da sıradan çıxara bilər”.
Gültəkin Ələsgər