“Məni Türkiyəyə dəvət edirlər, amma...”

Uzun müddətdir ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin nəticəsi Rəbiyyə Zərdabinin işdən çıxarılması ilə bağlı məsələ gündəmdədir.
29 il çalışdığı təhsil müəssisəsindən – Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetindəki vəzifəsindən mərhum edilən R.Zərdabi öz problemləri barədə
Modern.az-a danışıb.
“Atam Zərdab rayon Partiya Komitəsinin katibi Bahəddin Zərdabi 26 yaşında ölüb, nənəm Rəbiyyə Mirzəxanova-Zərdabi Azərbaycanda ilk qadın qəzetinin baş redaktoru olub. Zərdabi ailəsinin digər bir qolu hazırda Türkiyədə, İstanbul şəhərində yaşayır. Onlar böyük naşir və publisistin qızı Pəri xanımın nəvə-nəticələridir”.
R.Zərdabi qeyd edib ki, işdən çıxarılandan sonra Türkiyədən ona iş təklifi gəlib. “Təmsilçisi olduğum “Fikir, sanat ve edebiyatta töre” dərgisinin baş redaktoru məni qonşu ölkəyə dəvət edir. Düzdür, qızım Nərgiz Xəlilova orada ailə qurub, Türkiyənin “TRT” kanalında rejissor və aparıcıdır. Amma bura mənim vətənimdir, torpağımdır, atamın məzarı burdadır. Yaşlı anam var, elə burada da işləyirəm. Mən o insanlara yeniləsi deyiləm”.
R.Zərdabi bildirib ki, o, Ombudsmana müraciət etsə də, heç bir cavab almayıb. “Elmira Süleymanovaya müraciət etmişəm. Ondan cavab almamış Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilmərəm”.
Sevinc İltifatqızı