Modern.az

Oqtay Əsədov Tacikistan prezidenti ilə görüşüb

Oqtay Əsədov Tacikistan prezidenti ilə görüşüb

11 İyul 2012, 22:29

Bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində Tacikistan prezidenti Emoməli Rəhmon Milli Məclisdə olub. Modern.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, parlamentin binası önündə Tacikistan prezidentini Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar. Emoməli Rəhmon əvvəlcə parlamentin iclas zalları ilə tanış olub, deputatların fəaliyyəti üçün yaradılmış şərait, burada tətbiq olunan müasir texnologiya, qanun yaradıcılığı prosesilə maraqlanıb.

Parlamentlə tanışlıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Oqtay Əsədov Azərbaycan-Tacikistan münasibətlərindən danışaraq əlaqələrimizin dərin tarixi kökləri olduğunu bildirib. Sədr deyib ki, müstəqilliyimizi bərpa etdikdən sonra əlaqələrimiz yeni müstəvidə inkişaf edib. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolu böyükdür. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri zamanı 20-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayan O.Əsədov hər iki ölkənin qanunverici orqanındakı dostluq qruplarının fəaliyyətindən razılığını bildirib. Beynəlxalq qurumlarda birgə əməkdaşlığın səmərəsindən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri Azərbaycanın haqq işini müdafiə etdiyinə görə Tacikistan tərəfinə təşəkkürünü bildirib.

Prezident Emoməli Rəhmon deyib ki, Azərbaycan ilə əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçib. Mən sonuncu dəfə Bakıda 5 il əvvəl olmuşam. Ötən müddət ərzində Bakı şəhəri əsaslı şəkildə dəyişib və gözəlləşib”.

Tacikistan dövlətinin başçısı qazanılan böyük uğurlara görə Azərbaycan xalqını təbrik edib. İkitərəfli əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan danışan Prezident deyib: “Tacikistanın Azərbaycanın təcrübəsini öyrənməsinə böyük ehtiyac var. Əminəm ki, bu səfər əməkdaşlığımızı daha da inkişaf etdirəcək. Təqdirəlayiq haldır ki, Bakı ilə Düşənbə arasında birbaşa aviareys açılıb. İnanırıq ki, yeni aviareys ölkələrimiz arasında iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına, yeni layihələrin reallaşdırılmasına geniş imkanlar açacaq”.

Tacikistan Prezidenti iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı sərmayə qoyuluşuna, ticarət dövriyyəsinin artmasına şərait yaradan 500-dən çox investisiya layihəsinin mövcudluğunu bildirib. Hər iki ölkənin iş adamları üçün biznes forumların, “dəyirmi masa”ların keçirilməsinin əhəmiyyətini qeyd edib. Sonda Tacikistan Prezidenti Azərbaycan parlamentinin fəaliyyətinə uğurlar arzulayıb.

 

 

 

 

 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək