Modern.az

Ofisiant, barmen, aşpaz... Yeni məktəbdə 500-ə yaxın kadr hazırlanacaq

Ofisiant, barmen, aşpaz... Yeni məktəbdə 500-ə yaxın kadr hazırlanacaq

Təhsil

12 İyul 2012, 13:46

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, turizmlə bağlı yeni peşə məktəbi açılır. Belə ki, hər il 500 məzun mətbəx, xidmət, servis, bələdçilik digər sahələrdə hazırlanacaqlar. Nazir bildirib ki, ildən-ilə sayı artan turist müəssisələrində istər-istəməz bu kadr hazırlığına ehtiyac olur. “Biz şərt qoymuşuq ki, bütün təşkilatlarda turizm ixtisasında olan kadrlar çalışmalıdırlar”.

Modern.az-a açıqlamasında Turizm İnstitutunun müəllimi Bahadur Bilalov hər il universiteti 200-250 tələbənin bitirdiyini deyib. O bildirib ki, turizm sektorunda çalışmaq üçün heç də hamının bakalavr və ya magistr səviyyəsində təhsil alması tələb olunmur.
“Əbülfəs Qarayevin qeyd etdiyi kimi, Turizm İnstitutunun nəzdində peşə məktəbi yaradılır. Artıq bu ildən orada qəbul başlanılıb və Bakı Turizm Peşə Məktəbində müxtəlif ixtisaslar üzrə 500-ə yaxın kadr hazırlanacaq. Otelin bütün işçilərinin ali təhsilli olması tələb olunmur. Bu dünya praktikasında olduğu kimi, Azərbaycanda da belədir. Ofisiant üçün nə ehtiyac var ki, 4 il ali məktəbdə oxusun, sonra gedib işləsin. Onun üçün həmin bir illik peşə məktəbini oxumaq kifayət edir. Və yaxud da bu sıradan olan digər peşələr də onun kimi öyrəniləcək”.

B.Bilalov qeyd edib ki, Azərbaycan Turizm İnstitutunun və yaxud digər ali məktəblərin hazırladığı turizm sahəsi üzrə kadrlar əslində menecerlərdir. Yeni yaranacaq Bakı Turizm Peşə Məktəbi isə əsasən müəyyən kadrlar hazırlayacaq: “Turizm sektorunda ikinci dərəcəli işçilərə ehtiyac daha çoxdur. Ofisiant, barmen, aşpaz, təmizlik departamentinin işçisi və s. Bunlar üçün ali məktəb bitirmək vacib deyil. Bütün dünya praktikasında olduğu kimi, Azərbaycanda da belə bir peşə məktəbi yaradılır. Sabah nazir Əbülfəs Qarayevin başçılığı ilə keçmiş 11 saylı peşə məktəbində tədbir keçiriləcək. Həmin məktəbdə Azərbaycan Turizm İnstitutunun Bakı Turizm Peşə Məktəbi yaradılacaq. Oranı ölkə prezidentinin göstərişi ilə Təhsil Nazirliyi Mədəniyyət və Turizm nazirliyinin balansına verib”.

Qeyd edək ki, yeni peşə məktəbi prezident İlham Əliyevin sərəncamı ilə açılır.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək