Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər bu gün Gürcüstana gedir.
Bu barədə partiya başqanı hava limanında olarkən “Yeni Müsavat”a açıqlamasında bildirib. Səfər barədə danışarkən İsa Qəmbər deyib ki, məqsəd yaxın günlərdə qonşu ölkədə Naumann Fondunun təşkilatçılığı ilə keçiriləcək konfransa qatılmaqdır:
“Əsas mövzu Cənubi Qafqazda gedən proseslər və Cənubi Qafqazın Avropaya inteqrasiyası mövzusudur. Biz də bu konfransda iştirak edəcəyik. Səfərdə Azərbaycan tərəfdən məndən başqa Arif Hacılı və "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iştirak edəcək. Hesab edirəm ki, kifayət qədər önəmli bir mövzudur və partiyamızın, Azərbaycan demokratik ictimaiyyətinin mövqeyini təqdim etməyə çalışacağıq”.
Müsavat başqanı partiya qurultayının qonşu ölkədə keçirilməsi üçün yer ayrılması məsələsinin də müzakirə mövzusu olacağını istisna etməyib: “Təbii ki, Tiflisdə olmağımızdan istifadə edib dostlarımızla müəyyən görüşlər keçirməyi planlaşdırırıq. Qurultayın Gürcüstanda keçirilməsi ehtimalı hələlik olduğu üçün o istiqamətdə də araşdırmalarımız davam edəcək”.
Modern.az