Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
Modern.az xəbər verir ki, QMİ-nin Qazılar Şurasının iyulun 17-də keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 21-də başlayır və iyul ayının 20-si orucluğun niyyət gecəsidir.
QMİ-nin fətvasında bildirilib ki, ayın görünməsindən asılı olaraq Ramazan bayramı miladi təqvimlə avqustun 19-na və ya 20-nə təsadüf edəcək.
QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.
Bu dəfə Ramazanda Qədr gecələri mübarək ayın 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, yemək, içmək, cinsi əlaqə, istimna (onanizm), qatı tozu udmaq, Allah, Peyğəmbər və İmamların adından yalan söz demək, Sübh namazınadək bilərəkdən cənabət, heyz və ya nifaz halında qalıb qüsul etməmək, başı tamamilə suya batırmaq, maye şeylərlə imalə etmək və qəsdən qusmaq orucu batil edir.
Ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır.
Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışdıqda İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır.
Mail Ağaxanov