Mətbuat orqanlarinin birində belə bir iddia ortaya atılıb ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycan xalq hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə məlumatı olub. BAXCP-nin mətbuat xidməti bu məlumata aydınlıq gətirmək üçün Qüdrət Həsənquliyevin açıqlamasını yayıb:
BAXCP sədri bildirib ki, ümumiyyətlə Türkiyəyə yola salınana qədər Əbülfəz Elçibəyin xəstəliyi barədə onda heç bir məlumat olmayıb. Qüdrət Həsənqilyev bildirib ki, o vaxta qədər Əbülfəz Elçibəy bağ evində qalırdı və eks-prezidentlə heç bir görüşü olmayıb:
“Yalnız Elçibəy Türkiyəyə yola salınanda onun xəstə olduğunu bilmişəm. Çox təəssüf ki, Türkiyədə xəstəxanada olanda da onunla hər hansı görüşüm və xəstəliyi ilə bağli söhbətim olmayıb”.
Qüdrət Həsənquliyev qeyd edib ki, Elçibəyin səhhəti barədə yalnız onunla görüşən şəxslər tərəfindən partiya üzvlərinə və ictimaiyyətə mütəmadi məlumat verilirdi:
“Nə dünyasını dəyişənə qədər Əbülfəz bəylə görüşən adamlarla onun xəstəliyi ilə bağlı söhbətim olub, nə də həmin ərəfədə partiya rəhbərliyində təmsil olunan şəxslərdən onun zəhərlənməsi barədə məlumat eşitmişəm. Ona görə də Əbülfəz bəyin zəhərlənməsi ilə bağlı guya mənim məlumatlı olmağım barədə deyilənlər həqiqəti əks etdirmir. Əgər məndə belə bir məlumat olsaydı, bu barədə çoxdan ictimaiyyəti məlumatlandırardım və müvafiq orqanlara müraciət edərdim”.
Modern.az