Kinodramaturq Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqına alternativ dövlət qurumu yaradılandan sonra kino xadimləri dəstə-dəstə köhnə təşkilatı tərk edib, təzəyə keçirlər. Xeyli sayda kino xadiminin gözlənilmədən ayrılmasından sonra Rüstəm Ibrahimbəyovun təşkilatının zəifləyəcəyi bildirilir. Hətta avqustun 2-də kino günü münasibəti ilə keçiriləcək ənənəvi dövlət tədbirinə R.İbrahimbəyovun rəhbəri olduğu təşkilatın üzvlərinin çağırılmayacağı da bildirilir.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov deyib ki, tədbirə kimin çağırılacağı ilə bağlı onlarda hələlik məlumat yoxdur.
“Bəli, həmişə olduğu kimi bu il də avqustun 2-də kino günü münasibəti ilə böyük dövlət tədbiri keçiriləcək. Mətbuatda yazılanlarla bağlı demək istərdim ki, hələlik bu tədbirə kimin dəvət olunacağı barədə heç bir məlumat yoxdur. Bu siyahı bizdə yoxdur. Ona görə də tədbirə kimin çağırılıb, kimin çağırılmayacağı haqda məlumatsızıq”.
Anar RÜSTƏMOV