Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AMİP-in təşkilatçılığı ilə “AMİP-20: Təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid” mövzusunda dəyirmi masa keçirilib.
AMİP sədri Yusif Bağırzadə tarixindən danışıb. Daha sonra AMİP-in 20 illik tarixini əks etdirən viderolik nümayiş olunub.
Mövzu ilə bağlı Mərkəzi Şura sədri Rəşad bayramov çıxış edib. Tədbirdə bildirilib ki, Azərbaycanın istiqlalının bərpası ərəfəsində, 15 oktyabr 1991-ci ildə Dövlət televiziyasında partiyanın yaradılması barədə Təşkilat Komitəsinin Bəyannaməsi haqqında məlumat verilib. Bir gün sonra “Millət” qəzetinin sınaq sayında bu bəyannamənin dərc olunması ilə partiya siyasi səhnədə ilk addımlarını atıb. Bununla da Azərbaycanın çağdaş siyasi tarixində təkpatiyalı siyasi sistemdən çox partiyalı siyasi sistemə keçidin əsası qoyulub.
3-4 iyul 1992-ci ildə isə AMİP-in Azərbaycan Milli Opera və Balet Teatrının binasında keçirilən 1-ci təsis Qurultayında Partiyanın Məramnamə və Nizamnaməsi, eləcə də 4 bəndən ibarət qətnamə qəbul edilib, Qurultay adından Azərbaycan xalqına müraciət ünvanlanıb, partiyanın strukturları formalaşdırılıb, Etibar Məmmədov sədr olmaqla partiyanın rəhbərliyi seçilib. AMİP 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən ilk rəsmi qeydiyyatdan keçən partiya kimi də müstəqil Azərbaycanın tarixə düşüb.
Tədbirdə həmin dövrdə ədliyyə naziri olmuş İlyas İsmayılov, Ziyalılar forumunu üzvü, AMİP Mərkəzi Şurasının sabiq sədri Firudin Cəlilov, professor Cəmil Həsənli, ACP sədri Sülhəddin Əkbər, Dünyəvi Bozqurdlar Partiyasının sədri Şakir Ulubəyli, Böyük Azərbaycan Partiyasının sədri, AMİP-in sabiq Baş katibi Elşad Musayev, hüquq müdafiəçisi Səadət Bənənyarlı, ALP sədri Əvəz Temirxan, KXCP Ali Məclisinin sədri Bəybala Əbil, AXCP sədrinin müavini Həsən Kərimov, ACP sədrinin müavini Zəminə Dünyamalıyeva və başqaları çıxış edərək AMİP-in keçdiyi şərəfli yolla bağlı təbriklərini çatdırdılar.
Dəyirmi Masanın sonunda çıxış edən AMİP Lideri Etibar Məmmədov tədbir iştirakçılarına minnətdarlığını bildirməklə yanaşı, indi harda olmasından asılı olmayaraq AMİP-in yaranmasında və fəaliyyətində əməyi olmuş bütün şəxslərə təşəkkürünü bildirib.
Modern.az