Bu gün Dağlıq Qarabağdakı separatçı rejim «prezident seçkiləri» keçirir. Avropa İttifaqının Xarici İşlər Komissarı Ketrin Eşton Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma “respublikada” keçirilən “prezident seçkilərinə” dair bəyanat verib.
”Mən qeyd etmək istərdim ki, Avropa İttifaqı seçkilərin keçiriləcəyi konstitusion və hüquqi çərçivələri tanımır”-deyə Ketrin Eşton Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma “respublikada” keçirilən “prezident seçkilərinə” dair səsləndirdiyi bəyanatında bildirib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, Ketrin Eşton birmənalı şəkildə bəyan edib ki, bu seçkilərin nəticələri Avropa İttifaqı tərəfindən tanınmayacaq.
Bəyanatda K.Eşton ATƏT-in Minsk Qrupunun və həmsədrlərin münaqişənin dinc yolla həll olunması üçün göstərdikləri səyləri bir daha dəstəklədiyini bildirib.
Avropa İttifaqının verdiyi bəyanatda qurumun xarici işlər komissarı deyib ki, o, tərəfləri münaqişənin danışıqlar yolu ilə Madrid prinsipləri əsasında həlli yolunun tapılması üzrə səylərini fəallaşdırmağa çağırır.
”Mən Avropa İttifaqının bu istiqamətdəki səylərə bundan sonra da dəstək verəcəyini təsdiqləyirəm”.