Sərhəd Qoşunlarına məxsus Bakıdakı "N" saylı hərbi hissədə yanğın baş verib. Dövlət Sərhəd Xidməti (DSX) və Fövqəladə Hallar Nazirliyi (FHN) "N" saylı hərbi hissədə baş verən yanğınla bağlı birgə məlumat yayıb.
Birgə məlumata görə, bu gün saat 07:00 radələrində DSX-nin Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin anbarında yanğın olub.
Hadisə yerinə Baş nazirin müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, DSX-nin rəisi Elçin Quliyev və respublika hərbi prokuroru Xanlar Vəliyev gəliblər.
Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə gələn FHN-in xüsusi dəstələri və texnikası, həmçinin aviatexnikası tərəfindən görülmüş tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb və az müddətdən sonra yanğın tam söndürülüb.
Hazırda baş vermiş hadisə ilə əlaqədar FHN, DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.