Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər onların İctimai Palataya qoşulmaq istədikəri haqda mətbuatda yayılan xəbərləri təkzib edib. O, Modern.az saytına açıqlamasında rəhbəri olduğu partiyanın İctimai Palatada təmsil olunmayacağını və onların belə fikirləri olmadığını bildirib.
“Bunlar yanlış informasiyalardır. Bizim Açıq Cəmiyyət Partiyası olaraq İctimai Palataya qoşulmaqla bağlı təklimiz olmayıb. Mən bu təşkilata qoşulmaq üçün İctimai Palata nümayəndələri ilə nə görüşmüşəm, nə də dəvət irəli sürmüşəm. Bizim İctimai Palataya qoşulmaq barədə fikrimiz yoxdur, olmayacaq da”, - deyə ACP sədri vurğulayıb.
Qeyd edək ki, ACP sədri Sülhəddin Əkbərin İctimai Palataya qoşulmaq üçün müraciət etdiyi və bu istiqamətdə İctimai Palata nümayəndələri ilə mütəmadi təmasda olduğu haqda məlumatlar yayılıb. Bildirilib ki, S.Əkbərin İctimai Palataya qoşulmaq təklifi AXCP cəbhəsində isti qarşılansa da, Müsavat başqanı İsa Qəmbər tərəfindən birmənalı olaraq etirazla qarşılanıb.
Anar RÜSTƏMOV