Modern.az

Rus dilini öyrənməliyikmi?

Rus dilini öyrənməliyikmi?

Təhsil

20 İyul 2012, 11:40

Ekspert rəyi: “Bu bizə çox lazımdır”

Hazırda orta məktəblərdə rus dili saatlarının, bu xarici dil üzrə ixtisasa sahib olanların azalması, gənclərin adıçəkilən dillə bağlı bilgilərinin zəif olması bu dilin ölkəmizdə, qismən də olsa, sıradan çıxmasına öz təsirini göstərir. Əlbəttə, bu mövzuya toxunmaqda məqsəd rus dilinin digər xarici dillərdən hər hansı üstünlüyünü vurğulamaq deyil. Lakin fakt budur ki, rus dili Azərbaycanın yaxın geosiyasi çevrəsinin, bütün postsovet-MDB məkanının ünsiyət vasitəsidir.

Təhsil eksperti Etibar Əliyev  bu gün məktəblərdə rus dili saatlarının azalmasına qarşı olaraq, Modern.az-a bildirib ki, rus dilinin saatları orta məktəblərdə artırılmalıdır: “Azərbaycan keçmiş sovetlər birliyinin tərkibində olanda şübhəsiz ki, dominant rol rus dilinə məxsus idi. Yəni bütün  orta məktəblərdə o, tədris olunurdu və hətta Rus dili və Ədəbiyyat İnstitutu (indiki Bakı Slavyan Universiteti) vardı. Bütün ədəbiyyatların təxminən 90%-i   rus dilində idi. Alimlər dissertasiya yazarkən,  əsasən rusdilli ədəbiyyata üstünlük verirdi. Müstəqillik qazandıqdan sonra rus dilinin mövqeyi bir qədər zəiflədi. İngilis dili onu sıxışdırıb ünsiyyətdən çıxartdı. Bütün bunlara baxmayaraq, biz tərəfdarı deyilik ki, rus dili tam şəkildə sıxışdırılıb çıxarılsın. Bir ingilis yazıçısının belə bir fikri  var ki, universal təhsil üçün universal dil lazımdır. Bizim dilimiz bu funksiyanı yerinə yetirə bilmirdi. Yəni yenidən ədəbiyyatların çap olunması, tərcümələr edilməsi və s. ortaya çıxırdı. Çox təəssüflər ki, nəticələr hələlik yaxşı deyil. Yəni 20 ildən çox vaxt ötməsinə baxmayaraq, ana dilli ədəbiyyatlar yetərli deyil”.

E. Əliyevin fikrincə, Bakı Slavyan Universiteti rus dilinin əvvəlki formatda qorunub saxlanılmasına imkan yaratmalı idi. “Söhbət burada ruslaşmadan getmir. Hətta bu gün də rusdilli məktəblərdəki təhsilin keyfiyyəti Azərbaycan məktəblərinin keyfiyyətindən fərqlidir. İngilis dili bu gün geniş yayılıb. Amma  məişət danışığı, işə qəbul səviyyəsindən o tərəfə keçmir. Əgər 10 nəfərin əlində mütaliə üçün kitab varsa, bunun 9-u rus dilindədir. Müəllimlərin özü də rus dilində yazılmış xarici müəlliflərin kitablarından istifadə edir”.

Ekspert qeyd edib ki, orta məktəblərdə rus dili ilə bağlı vəziyyət son 20 ildə  də dəyişməyəcək. “Rusdilli məktəbləri saxlanılmalı və rus dilinin tədris saatları normal vəziyyətə gəlib çatmalıdır”, – deyə E. Əliyev bildirib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?