Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı başlanan reklam kampaniyalarına münasibət bildirib. Modern.az-ın məlumatına görə, TQDK sədri valideynlərə müraciət edərək onlara bu məsələdə ehtiyyatlı olmağı tövsiyyə edib.
“Türkiyənin 20 universitetinə imtahansız və ödənişsiz əsaslarla azərbaycanlı abituriyentlərin qəbulunun mümkünlüyü ilə bağlı reklamla rastlaşdım. Məlum oldu ki, bu, yalnız 700 bal toplayanlara aiddir. 700-dən aşağı bal toplayanlar isə ödənişli əsaslarla təhsil almalıdırlar. Ona görə də valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar".
Komissiya sədri bir daha valideynlərə müraciət edərək onları ixtisas seçimində ehtiyyatlı olmağa çağırıb.
“Bəzi valideynlər övladlarının ali məktəbə ixtisas seçiminin aparılması üçün müxtəlif işgüzar insanlardan kömək istəyirlər. Amma abituriyentlər özləri bu işi bacara bilərlər. Mən valideynlərə müraciət edirəm ki, TQDK-nın məlumatları əsasında qərar versinlər. Bəllidir ki, bundan sonra heç kimin imtahanda topladığı balda dəyişiklik baş verməyəcək. Ona görə valideynlər bu ballar əsasında övladlarının ixtisas seçiminin aparılmasına yardım göstərsinlər", - deyə M.Abbaszadə vurğulayıb.
Məleykə Abbaszadə deyib ki, III qrup üzrə müsabiqədə iştirak üçün tələb olunan minimal ballarının aşağı salınmasında əsas məqsəd ali məktəblərdə plan yerlərini boş qoymamaq deyil, daha çox abituriyentin ali təhsil almasına imkan yaratmaq və onların qəbul üçün qeyri-rəsmi yollara əl atmasının qarşısını almaqdır. M. Abbaszadə bildirib ki, ali məktəblərin III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak üçün tələb olunan minimal ballar 250-dən aşağı salınmayacaq
Mail Ağaxanov